08.10.2016
Masallı rayonunda “Aşura mərasimlərində dini sabitliyin və mövcud qanunvericiliyin qorunması yolları” mövzusunda seminar-müşavirə keçirilib
Oktyabrın 7-də Masallıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Masallı Rayon İcra Hakimiyyəti və Qafqaz Müsəlmanları İdarəsi bölgə nümayəndələrinin birgə təşkilatçılığı ilə Məhərrəmlik mərasimlərinin təşkili və qarşıdan gələn Aşura günü ilə bağlı “Aşura mərasimlərində dini sabitliyin və mövcud qanunvericiliyin qorunması yolları” mövzusunda seminar-müşavirə keçirilib.
Tədbirdə idarə və təşkilatların, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyətin və dini icmaların, ərazi və bələdiyyə nümayəndələri, ağsaqqal və ziyalılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov keçirilən dini mərasimlərə ciddi nəzarət, zərərli təriqət üzvlərinin, dövlətçiliyimizin əleyhinə moizələr edən radikal “dindarların” aşkarlanıb cəmiyyət tərəfindən qınanması, dini maarifləndirmənin İslam dəyərlərinə uyğun gücləndirilməsi və digər vacib məsələlərə toxunaraq aidiyyəti təşkilatlara tapşırıq və tövsiyələrini verib.
QMİ-nin Cənub bölgəsi üzrə qazısı Mirqiyas Təhməzov Qazılar Şurasının fətvası və rayon üçün tərtib edilən azan vaxtlarının yerlərdəki tətbiqindən danışaraq bildirib ki, məhərrəmlik mərasimləri ibadət ocaqlarında ictimai asayişə riayət olunmaqla keçirilməli, təziyə məclislərində Kərbəla şəhidləri ilə yanaşı Vətənimiz uğrunda canlarını qurban vermiş qəhrəman övladlarımızın da əziz xatirəsi ehtiramla anılmalıdır.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov milli-mənəvi və dini dəyərlərimizin təbliğ-təşviqi üçün dindarları mərasimlər vaxtı diqqətli olmağa, zəruri qaydalara əməl etməyə çağırıb.
Masallı Rayon Polis Şöbəsinin rəisi Habil Əmiraslanov mərasimlər zamanı ziyarətləri kütləvi toplantılara çevirməməyi,əzadarlıq təziyələrini keçirərkən ictimai asayiş qaydalarına riayət etməyi tövsiyə edib.
Çıxışçılar əzadarlıq məclislərində zəncir vurub baş yarmaq, bədənə xəsarət yetirmək əvəzinə qanvermə aksiyalarının təşkilini humanist ənənə kimi dəyərləndirib, dindarları moizə və xütbələrdə Vətən təəssübünü, milli və dövləti mənafelərimizi uca tutmağa səsləyiblər.
Tədbirdə həmçinin digər aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, dini icma və müvafiq təşkilatların rəhbərlərinə tapşırıq və tövsiyələr verilib.