11.04.2017
Maarifləndirmə tədbirləri davam etdirilir
Aprelin 11-də Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə imzalanmış “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq, Lənkəran şəhər 10 saylı tam orta məktəbdə, Lənkəran şəhər 7, 9 saylı tam orta məktəblərin və Xarici Dillər Təmayüllü Gimnaziyanın müəllim-şagird kollektivinin iştirakı ilə “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” adlı tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları, Lənkəran şəhər Təhsil şöbəsinin əməkdaşları Ramin Höccətov, Cəmil Axundzadə, Lənkəran şəhər 10 saylı tam orta məktəbin direktoru Qadir Axundov, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Lənkəran şəhər 10 saylı tam orta məktəbin direktoru Qadir Axundov məktəblərdə keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb.
Çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov xalqımızın zəngin milli-mənəvi dəyərlərə sahib olduğunu, ölkəmizdə tarixən tolerant və multikultural mühitin hökm sürdüyünü bildirib.
Lənkəran şəhər Təhsil şöbəsinin əməkdaşı Ramin Höccətov şagirdlərlə bu istiqamətdə mütəmadi görüşlərin keçirilməsinin zəruriliyini qeyd edərək, gənclərin radikal dini təsirlərdən, dini radikalizmdən qorunmasında təhsilin əhəmiyyətini qeyd edib.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüqar Şahbazov dini radikalizm, ekstremizm və onun fəsadları haqqında məlumat verərək, gənclərin bu sahədə maarifləndirilməsi, radikal dini təsirlərdən uzaqlaşdırılması baxımından “Fitnə” filminin mühüm əhəmiyyəti olduğunu diqqətə çatdırıb.
Sonda Dövlət Komitəsinin sifarişi ilə hazırlanmış “Fitnə” sənədli filmi nümayiş etdirilib.