Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
09.03.2017

Maarifləndirmə tədbirləri davam etdirilir

Martın 9-da Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə imzalanmış “Təhsil  müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq Xətai rayonunda yerləşən 27 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirilib.
“Azərbaycan cəmiyyətində İslam həmrəyliyi” mövzusunda keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Vasif Musayev və Nuru İmanov, Xətai Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, şöbə müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin məktəbdənkənar fəaliyyətin təşkili sektorunun aparıcı məsləhətçisi Rövşən Əliyev, məktəbin direktoru Cəmilə Ramazanova, rayonda yerləşən digər ümumtəhsil müəssisələrinin müəllim və şagird kollektivi iştirak edib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Cəmilə Ramazanova maarifləndirmə sahəsində görülən tədbirlərin gənclər, xüsusilə də məktəblilər üçün böyük rol oynadığını bildirib. Daha sonra “Fitnə” sənədli filmi nümayiş etdirilib.
Xətai Rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi Pənah İmanov çıxışında “İslam Həmrəyliyi İli” çərçivəsində 2017-ci ildə Xətai rayonunda keçiriləcək tədbirlər və görüləcək işlər barəsində məlumat verib. P. İmanov Dövlət başçısı cənab İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsinin ölkəmizin İslam birliyinə olan həssas münasibətinin göstəricisi olduğunu qeyd edib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin aparıcı məsləhətçisi Nuru İmanov 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin xüsusi əhəmiyyət daşıdığını, həmrəyliyin dini və milli-mənəvi dəyərlərimizin əsasını təşkil etdiyini vurğulayıb. Nuru İmanov xalqımızın ən çətin zamanlarda belə daim birlik və həmrəylik göstərdiyini və Ulu Öndər Heydər Əliyevin dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etməsinin həmrəyliyimizi daha da gücləndirən əsas amillərdən biri olduğunu diqqətə çatdırıb.
Bakı şəhəri üzrə Təhsil İdarəsinin məktəbdənkənar fəaliyyətin təşkili sektorunun aparıcı məsləhətçisi Rövşən Əliyev çıxışında milli-mənəvi və  əxlaqi  dəyərlərimizdən söz açıb.
Tədbirin sonunda mövzu ilə bağlı suallar cavablandırılıb.