22.12.2017
Maarifləndirmə tədbirləri davam etdirilir
Dekabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və “BP Azərbaycan” şirkətinin birgə təşkilatçılığı ilə dini radikalizmə qarşı mübarizəyə dair növbəti maarifləndirici xarakterli tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Samir Yoldaşov, Fidan Aslanova və “BP Azərbaycan” şirkətinin əməkdaşları iştirak ediblər.
Öncə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Daha sonra DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Samir Yoldaşov İslam dinində radikalizmin və ekstremizmin olmadığını, tam əksinə, İslam dininin sülh, həmrəylik, qardaşlıq, birlik dini olduğunu “Qurani-Kərim”dən ayələr nümunə gətirməklə dinləyicilərin diqqətinə çatdırıb. Həqiqi İslamdan uzaq, radikal fikirli insanların cəmiyyətdə mövcud olan sabitliyə və birgəyaşayış ənənəsinə, milli-mənəvi dəyərlərə vurduğu zərbədən söz açan S.Yoldaşov ölkəmizdə dini etiqad azadlığının ən yüksək səviyyədə təmin olunduğunu, həmçinin milli təhlükəsizliyimizin qorunması naminə son illər qəbul edilən qanun və qərarların əhəmiyyətini, dini radikalizmə qarşı həyata keçirilən mübarizə tədbirlərini qeyd edib. Bu gün dünyada milli və dini zəmində baş verən münaqişələrə, radikalizm və ekstremizmi təbliğ edən yad dini ideologiyalara qarşı tutarlı mübarizə vasitəsi olaraq dini maarifləndirmənin əhəmiyyətini, “Fitnə” və “Şəhadət” sənədli filmlərinin güclü maarifləndirici xüsusiyyətlərini vurğulayıb.