Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
26.10.2017

Maarifləndirmə tədbirləri davam etdirilir

Oktyabrın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Ağcabədi rayonu “Seyid Mürsəl Ağa”  məscidi dini icmasının Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialında “İslam həmrəyliyi məhzəb ayrı seçkiliyinə qarşıdır” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Ağcabədi Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, “Seyid Mürsəl Ağa” məscidi dini icmasının sədri Zeynəb Quliyeva və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan ADPU-nun Ağcabədi filialının direktoru Mətanət Fərzəliyeva Azərbaycandakı etnik və dini sabitliyin qorunmasında gənclərin mövqeyindən danışıb.
İcma sədri Zeynəb Quliyeva tədbir iştirakçılarına bu tədbirin mahiyyəti barədə məlumat verərək bildirib ki, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi təkcə İslam aləmində deyil, bütün dünyada mühüm əhəmiyyətə malikdir: “Bu mənada bəşəriyyətin xilası kimi həmrəyliyin gündəmə gətirilməsi Azərbaycanın dünyada xilaskarlıq missiyasının yerinə yetirilməsinə öz töhfəsini verməsi mənasını ifadə edir” – deyə  o qeyd edib.
Ağcabədi RİH başçısı Aparatının nümayəndəsi Təyyar Hacıyev deyib ki, Azərbaycanda 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi İslam dünyasına birlik, vəhdət və həmrəylik çağırışıdır.
DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin İslam həmrəyliyinə çağırışı intibah ideallarına, İslam coğrafiyasında olan xalqların və ölkələrin iqtisadi, elmi, mədəni əməkdaşlığına, eyni zamanda, İslam dininin irəli sürdüyü bərabərlik, ədalət, mənəviyyat, insanpərvərlik ideyalarına real çağırışları diqqət mərkəzinə çəkməyə xidmət edir.
Mövzu ətrafında Ağcabədi filialının müəllimləri – dos. Tahir Kərimli, dos. Mahir Səlimov və tədris işləri üzrə direktor müavini Seymur Quliyev də çıxış edərək vurğulayıblar ki, bu cür tədbirlərin keçirilməsi və Dövlət Komitəsi tərəfindən nəşr olunmuş müxtəlif adlı və çoxsaylı kitabların çap edilməsi radikalizmə qarşı mübarizədə mühüm rol oynayır.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.