19.11.2016
Maarifləndirmə işləri davam etdirilir
Noyabrın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti və Mingəçevir şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Mingəçevir Dövlət Universitetində “Azərbaycanda dini ekstremizmə qarşı mübarizədə tolerantlıq və multikulturalizm ənənələrinin rolu” mövzusunda konfrans keçirilib.
Müəllim və tələbələrin də iştirak etdiyi konfransda “Dini ekstremizmə qarşı mübarizədə dini qurumların rolu” mövzusunda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov Azərbaycanda radikalizm və ekstremizmə qarşı mübarizə çərçivəsində həyata keçirilən maarifləndirmə tədbirlərindən bəhs edib. O, dini radikalizmə qarşı mübarizədə dini icmaların rolunun artırılmasından, radikalizmin yayılmasının və gənclərin radikal fikirlərin təsiri altına düşməsinin qarşısını almaq üçün birgə fəaliyyətin əhəmiyyətindən danışıb, dini ekstremizmə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə edilmiş əlavə və dəyişikliklər barədə iştirakçılara ətraflı məlumat verib. Konfransda Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev “Azərbaycanda dini ekstremizmə qarşı mübarizədə tolerantlıq və multikultural ənənələrin rolu” mövzusunda, Dövlət Təhlükəsizliyi Xidmətinin Mingəçevir şəhər şöbəsinin əməkdaşı Camal İsayev “Terrorçuluq və dini ekstremizmə qarşı mübarizənin təşkili” mövzusunda, Mingəçevir şəhər “Heydər” məscidinin imam naibi Müşfiq Nəcəfov “Gənclərin tərbiyəsində dinin rolu” mövzusunda çıxış ediblər.
Çıxış edən natiqlər ölkəmizdə dinlərarası münasibətlərin yüksək səviyyədə olması, hər kəsin dini etiqad azadlığının təmin olunması, dövlətin bu sahədə yürütdüyü siyasət nəticəsində multikulturalizm və tolerantlığın xalqımızın həyat tərzinə çevrilməsi və bunun dini radikalizmə qarşı mübarizədə əhəmiyyətindən bəhs ediblər.