Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
13.07.2018

Lerikdə ziyalılar və dindarlarla görüş keçirilib

İyulun 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə Lerik rayonu Lüləkəran kənd məscidində Gəncə hadisələri ilə əlaqədar rayonun dini icma sədrləri, din xadimləri və ziyalıları ilə görüş keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşı Azər Həsənov, Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla, Lüləkəran kənd məscidi dini icmasının sədri Rauf Əliyev, dini icma sədrləri, din xadimləri və ziyalılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında tolerant diyar olan Azərbaycanda tarixin heç bir mərhələsində milli, irqi və dini zəmində qarşıdurmanın olmadığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Q.Məmmədov Gəncədə din adı altında baş verən hadisələrin milli maraqlarımıza və dövlətçiliyimizə yönəlmiş fəaliyyət olduğunu bildirib.
Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla çıxışında ölkəmizin ictimai-siyasi sabitliyini pozmağa çalışan qüvvələrin öz məqsədlərinə nail ola bilməyəcəklərini vurğulayıb. H.Abdulla əlavə edib ki, Azərbaycanda hökm sürən ictimai-siyasi asayişi qorumaq hər bir vətəndaşın ən ümdə borcudur.
Lüləkəran kənd məscidi dini icmasının sədri Rauf Əliyev, Lüləkəran kənd tam orta məktəbinin direktoru Şakir Babayev və digərləri çıxışlarında ziyalıların, din xadimlərinin hər zaman dövlətin yanında olduğunu, cənab Prezident İlham Əliyevin müdrik siyasətinə sadiq olduqlarını qeyd ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.