Lerikdə “Vətənpərvərliyin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” mövzusu müzakirə olunub
Noyabrın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Lerik rayonu Kitabəli Həmidov adına Ambu kənd tam orta məktəbində “Vətənpərvərliyin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov, K.Həmidov adına Ambu kənd tam orta məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini Saday Rəhmətov, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktor müavini Saday Rəhmətov çıxışında Azərbaycan gənclərinin yüksək vətənpərvərlik keyfiyyətlərinə malik olduğunu qeyd edib. S.Rəhmətov Vətən sevgisinin və xalqımızın zəngin milli-mənəvi dəyərlər sisteminin dini radikalizmə qarşı güclü mübarizə vasitəsi olduğunu bildirib.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov çıxışında dini radikalizmin yaranma səbəbləri, törətdiyi fəsadlar, radikal dini qrupların təbliğat metodları haqqında, eləcə də, dini fanatizm, mövhumat və xurafatın zərərlərindən bəhs edib. Natiq milli-mənəvi dəyərlərimizin və vətənpərvərliyin təbliğ edilməsinin dini radikalizmə qarşı mübarizədə mühüm əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

