04.08.2017
Lerikdə maarifləndirici tədbir təşkil olunub
Avqustun 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Lerik rayonu Ləmərud kənd məscidi dini icması tərəfindən həyata keçirilən “İslam sülhə və həmrəyliyə aparan yoldur” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov və əməkdaşı Azər Həsənov, DQİDK-nın İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Saleh Aslanov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında hərfi mənası sülh olan İslam dininin birlik, bərabərlik və həmrəylik dini olduğunu, terror dini olmadığını bildirib. Q.Məmmədov İslam dininin xalqımızın milli-mənəvi inkişafında mühüm rol oynadığını qeyd edərək ölkəmizdə ayrı-ayrı dinlərin və millətlərin həmrəylik mühitində yaşadığını vurğulayıb.
DQİDK-nın İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Saleh Aslanov İslam dininin ümumbəşəri dəyərləri, mərhəmət və xeyirxahlıq ideyalarını özündə təcəssüm etdirdiyini bildirərək, islami dəyərlərin təbliği və təşviqinin müasir tələblər səviyyəsində aparılmasının, bir sözlə, İslamın olduğu kimi təqdim olunmasının vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra çıxış edən DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov və başqaları çıxışlarında İslam dininin həmrəylik və tolerantlıq dini olduğunu qeyd edib, ölkəmizdə “İslam Həmrəyliyi İli” çərçivəsində görülən işlərin əhəmiyyətini yüksək qiymətləndiriblər.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, Dövlət Komitəsi tərəfindən nəşr olunan dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.