18.03.2016
Lerik rayonunda “Multikultural və tolerant dəyərlərimiz” mövzusunda maarifləndirici tədbir keçirilib
Martın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə Lerik rayonu Gürdəsər kənd məscidi dini icmasının həyata keçirdiyi "Dini radikalizmə qarşı mübarizə yolları və milli-mənəvi dəyərlərimiz" layihəsi çərçivəsində “Multikultural və tolerant dəyərlərimiz” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə Lerik Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Dini İşlər üzrə Komissiyanın sədri Cəlil Baxşıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə səlahiyyətli nümayəndəsi Hacı Qəni Axundzadə, DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Azad Nəhmədov, QMİ-nin Lerik rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı İlham Əliyev, Gürdəsər kənd məscidi dini icmasının sədri Rafiq Kişiyev, dindarlar, kənd sakinləri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Lerik Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Dini İşlər üzrə Komissiyanın sədri Cəlil Baxşıyev “Multikultural və tolerant dəyərlər” mövzusunda məruzə ilə çıxış edib. Cəlil Baxşıyev Azərbaycanda müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığını, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığını deyib.
Tədbirdə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Azad Nəhmədov “Dövlət və din münasibətləri” mövzusu ətrafında çıxış edərək, respublikamızda dövlət-din münasibətlərinin qanunla tənzimləndiyini və bu istiqamətdə qanunvericilik bazasının yaradıldığını, dövlətimizin, xüsusilə dövlət başçısının həm İslam dininə, həm də digər dünyəvi dinlərə xidmət edən dini ibadət yerlərinin, müxtəlif mədəniyyətlərin nümunəsi olan tarixi-dini abidələrin təmirinə, tikintisinə, istiliklə təminatına göstərdiyi diqqətin bütün insanlar tərəfindən rəğbətlə qarşılandığını bildirib.
Tədbirdə, həmçinin DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov "Milli-mənəvi dəyərlərimizin qorunması", QMİ-nin bölgə üzrə səlahiyyətli nümayəndəsi Hacı Qəni Axundzadə "Tolerantlığın Azərbaycan nümunəsi", Hacı İlham Əliyev "Qurani Kərimdə multikultural dəyərlərin qorunması" mövzuları üzrə məruzələrlə çıxış edərək tədbir iştirakçılarını məlumatlandırıblar.
Sonda tədbir iştirakçıları mövzu ilə bağlı rəy və təkliflərini bildiriblər.