19.10.2017
Lerik məktəblilərinə “Şəhadət” sənədli filmi təqdim olunub
Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Təhsil Nazirliyi tərəfindən birgə imzalanmış “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsi, Lerik Rayon İcra Hakimiyyəti, Lerik Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə oktyabrın 19-da Lerik şəhər 3 saylı tam orta məktəbində “İslam həmrəyliyi, milli-mənəvi dəyərlərimiz və təhsil” adlı tədbir keçirilib. Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” filmi nümayiş olunub.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov, Lerik Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov, Lerik Rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov çıxışında dini radikalizm, ekstremizm və onun fəsadları haqqında məlumat verərək İslam həmrəyliyinin və milli-mənəvi dəyərlərin təbliğinin bu baxımdan əhəmiyyətini qeyd edib. A.Həsənov, eyni zamanda Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” filmi haqqında danışıb. Bildirib ki, filmin çəkilməsində əsas məqsəd gənclərin yad təsirlərdən, dini radikalizmdən qorunması və onlara vətənpərvərlik hisslərinin təbliğ olunmasıdır.
Lerik RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov, rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov çıxışlarında şagirdlərlə bu istiqamətdə mütəmadi görüşlərin keçirilməsinin zəruriliyini qeyd edib, gənclərin radikal dini təsirlərdən, dini radikalizmdən qorunmasında təhsilin və maarifləndirmənin əhəmiyyətini vurğulayıblar.
Sonda Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” filmi nümayiş olunub və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

.jpg)
