Lənkərandakı N saylı hərbi hissədə “Hərbi vətənpərvərlik: Silahlı Qüvvələrimiz və milli mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib
Avqustun 17-də Dövlət Sərhəd Xidmətinin (DSX) Lənkərandakı N saylı hərbi hissəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Hərbi vətənpərvərlik: Silahlı Qüvvələrimiz və milli mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib.
Əvvəlcə DQİDK-nın sifarişi ilə hazırlanan “Şəhadət” sənədli filmi nümayiş olunub.
Sonra zabit və sərhədçilərin iştirak etdiyi tədbirdə çıxış edən N saylı hərbi hissənin komandiri Azad Abdullayev müzakirə olunan mövzunun əhəmiyyətini diqqətə çatdırıb. O, dini zəmində çoxsaylı konflikt ocaqlarının cərəyan etdiyi bir zamanda respublikamızda aparılan dövlətin din siyasətinin uğuru kimi mövcud olan sabitliyin ölkəmizin hərtərəfli inkişafında mühüm rol oynadığını bildirib. Vurğulayıb ki, dövlət sərhədlərinin peşəkarcasına qorunmasında əsas amillərindən biri də sərhədçilərin vətənpərvərlik hissinin və mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə olmasıdır. Onun sözlərinə görə, DSX-nın rəhbərliyi şəxsi heyətin milli-mənəvi dəyərlər əsasında tərbiyəsinə xüsusi önəm verir və bu istiqamətdə məqsədyönlü işlər aparılır.
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov vətənpərvərliyin gücləndirilməsində milli-mənəvi dəyərlərin özünəməxsus rolundan bəhs edib. Qeyd edib ki, xalqımızın əsrlər boyu qoruyub-saxladığı milli-mənəvi dəyərləri mənimsəmədən, ona yaxından bələd olmadan vətənpərvər vətəndaş yetişdirmək mümkün deyil.
Ölkəmizdə dini radikalizm və ekstremizmin heç bir sosial dayağının olmadığını diqqətə çatdıran DQİDK-nın sədr müavini respublikamızda dini radikalizmlə mübarizənin effektivliyinin artırılması üçün maarifləndirmə, preventiv və profilaktik xarakterli tədbirlərə üstünlük verildiyini vurğulayıb. Natiq onu da deyib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu istiqamətdə digər dövlət qurumları, o cümlədən hüquq mühafizə orqanları ilə koordinasiyalı şəkildə tədbirlər həyata keçirir.
Dövlət Komitəsi sədrinin müavini eyni zamanda, sərhədçiləri DQİDK-nın sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi barədə məlumatlandırıb. Bildirib ki, sənədli filmdəki milli qəhrəmanlarımızın sücaəti gənclərimiz üçün əsl vətənpərvərlik nümunəsi olmaqla yanaşı, hər birimiz üçün qürur mənbəyidir. Filmdə radikalizm bəlasına düçar olmuş şəxslərin aqibətinə təəssüfləndiyini vurğulayan S. Heydərov belə halların qarşının alınmasında birgə mübarizə aparılmasının vacibliyinə toxunub.
“Vətəndaşlarımızı, xüsusilə gənclərimizi yad dini ideologiyaların təsirindən qorumaq əsas məqsədimizdir”-deyən, S. Heydərov zərərli ideologiyaların təsirindən qorunmaq üçün gənclərin ayıq-sayıqlığının artırılmasının və dini bilgilərinin sağlam mənbələrdən alınmasının zəruriliyini diqqətə çatdırıb.
Sonda tədbir iştirakçılarının suallarını cavablandıran sədr müavini sərhədçiləri qarşıdan gələn peşə bayramı münasibətilə təbrik edib, onlara Vətənimizin sərhədlərinin mühafizəsinin təminatçısı kimi şərəfli xidmətlərində uğurlar arzulayıb.
