Lənkəranda “Pandemiya şəraitində dini mərasim, ayin və tədbirlərin təşkili” mövzusunda tədbir keçirilib
Avqustun 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə pandemiya qaydalarını gözləməklə “Pandemiya şəraitində dini mərasim, ayin və tədbirlərin təşkili” mövzusunda tədbir keçirilib.
Tədbirdə Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Ramin Rəhimov və idarənin əməkdaşları, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, ilahiyyatçı Nadir Nabatov və könüllü gənclər iştirak ediblər.
Çıxışlar zamanı ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş nümunəvi dövlət-din münasibətlərinin mövcud olduğu, Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin qorunması və inkişaf etdirilməsi istiqamətində fəal işlər həyata keçirildiyi diqqətə çatdırılıb.
Bildirlib ki, xalqımız tərəfindən qeyd edilən ənənəvi dini mərasimlərdən biri də Məhərrəmlik (Aşura) mərasimləridir. Hazırda bütün dünyanı bürüyən koronavirus pandemiyasından xilas olmaq üçün dövlətimiz tərəfindən tədbirlər həyata keçirildiyi, bu baxımdan dini mərasimlərin keçirilməsinə müəyyən məhdudiyyətlərin nəzərdə tutulduğu vurğulanıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


