Lənkəranda “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusunda videokonfrans keçirilib
Fevralın 17-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Lənkəran Şəhər Təhsil Şöbəsi (ŞTŞ) və İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusunda videokonfrans keçirilib.
Videokonfransda DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Əli, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran rayonu Liman şəhəri 1 saylı, Digah, Girdəni, Şovu və Sütəmurdov kənd tam orta məktəblərinin direktorları, direktor müavinləri, psixoloqlar, uşaq birliyi təşkilatının rəhbərləri, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər və şagirdlər olmaqla ümumilikdə 40 nəfər iştirak edib.
Çıxışlar zamanı ölkəmizdə uşaqların hərtərəfli inkişafı və keyfiyyətli təhsil almaları üçün şəraitin yaradıldığı vurğulanıb. Onların milli-mənəvi dəyərlər və Azərbaycançılıq ruhunda tərbiyə edilməsi, vətənpərvər gənclər kimi formalaşmalarının əhəmiyyəti qeyd edilib. Natiqlər, məktəblilərin zərərli vərdişlərdən və radikal dini təsirlərdən qorunmasının vacibliyini qeyd edərək bu istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərdən danışıblar.