Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
18.10.2017

Lənkəranda maarifləndirmə tədbiri təşkil olunub

Oktyabrın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Lənkəran rayonu Şağlaser kənd məscidi dini icması tərəfindən həyata keçirilən “Milli-mənəvi dəyərlərimiz və İslam həmrəyliyi” adlı layihə çərçivəsində “Heydər Əliyev irsi və İslam həmrəyliyi” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları Emin Həmidli, Turan Həsənzadə, Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Tamerlan Əhmədli, Şağlaser kənd  ümumi orta məktəbinin direktoru Məmməd Səfərov, dini icmanın sədri Ruhulla Ruhullayev, müəllimlər, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında ölkəmizdə müxtəlif dinlərə və məzhəblərə mənsub insanların bərabər, mehriban və həmrəylik şəraitində yaşadığını qeyd edib. Q.Məmmədov ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini vurğulayıb.
Daha sonra çıxış edən DQİDK-nın əməkdaşı Tamerlan Əhmədli isə özündə sülh və həmrəylik çağırışlarını ehtiva edən islami dəyərlərin milli-mənəvi dəyərlərimizdə mühüm rolu olduğunu bildirib. T.Əhmədli İslam həmrəyliyinin yalnız müsəlman aləmində deyil, bütün dünyada sülhə,  əmin-amanlığa və sabitliyə töhfə olduğunu qeyd edib.
Şağlaser kənd  ümumi orta məktəbinin direktoru Məmməd Səfərov, məktəbin direktor müavini Mircəfər Paşayev, dini icmanın sədri Ruhulla Ruhullayev çıxışlarında Ümummilli Liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra milli və dini dəyərlərə qayıdışın baş verdiyini, ölkəmizdə dövlət-din münasibətlərinin zəngin milli-mənəvi dəyərlərimizə və ənənələrimizə söykəndiyini, müasir hüquqi normalarla tənzimlənməsi ilə bağlı fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.