Lənkəranda maarifləndirmə tədbiri keçirilib
Fevralın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) birgə təşkilatçılığı ilə Zövlə kənd sənətkarlıq evində “Gənclərin dini radikalizm, narkomaniya və digər zərərli vərdişlərdən qorunması” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Lənkəran ŞRPŞ-nin Yetkinlik yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili qrupunun inspektoru, polis baş leytenantı Orxan Şahmarov, M.Qarayev adına Zövlə kənd tam orta məktəbinin direktoru Nemət Cəfərov, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nemət Cəfərov keçirilən maarifləndirmə tədbirlərinin gənc nəslin sağlam ruhda formalaşmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Lənkəran ŞRPŞ-nin Yetkinlik yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili qrupunun inspektoru Orxan Şahmarov narkotik maddələrdən və onların yaratdığı dəhşətli fəsadlardan geniş bəhs edərək, gəncləri narkomaniyadan, habelə erkən nikahlardan uzaq olmağa çağırıb.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidlin dini radikalizm, erkən nikah və onların fəsadları haqqında ətraflı məlumat verib. E.Həmidli gənclərin milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə edilməsi, eləcə də elm və təhsilə yiyələnmələrinin əhəmiyyətindən danışıb.
Zövlə kənd məscidinin İmamı Azər Həsənov və digərləri mövzu ilə bağlı çıxış ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.