31.10.2017
Lənkəranda maarifləndirmə tədbiri keçirilib
Oktyabrın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Lənkəran rayonu İlqar Mahmudov adına Liman şəhər 1 saylı tam orta məktəbində “Uşaq hüquqları aylığı” çərçivəsində “Sizin hüquq, vəzifə və məsuliyyətiniz” adlı maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Liman şəhər 1 saylı tam orta məktəbinin direktoru Əlövsət Qurbanov, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Liman şəhər 1 saylı tam orta məktəbinin direktoru Əlövsət Qurbanov çıxışında ölkəmizdə uşaqların hərtərəfli inkişafı, milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi və keyfiyyətli təhsil almaları üçün şəraitin yaradıldığını bildirib.
Daha sonra çıxış edən DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli Azərbaycanda uşaqların sağlamlığının qorunması, layiqli təhsili üçün geniş imkanların yaradıldığını qeyd edib. E.Həmidli yeniyetmə və gənclərin dini radikalizmdən qorunmasının vacibliyi, həmçinin, erkən nikah və onun fəsadları haqqında tədbir iştirakçılarına məlumat verib.
Digər çıxış edən natiqlər təhsil müəssisələrində bu cür maarifləndirici tədbirlərin keçirilməsinin mühüm əhəmiyyətini vurğulayıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.