Sənəddə ölkədə prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan dövlət-din sahəsindəki siyasət dəstəklənib, milli-mənəvi dəyərlərin qorunması istiqamətində görülən işlər yüksək qiymətləndirilib
Bu gün Lənkəran şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzi ilə birlikdə keçirdiyi “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda regional konfrans öz işini başa çatdırıb.
Tədbirin 2-ci günü “İslam və sağlam ailə” mövzusunda keçirilən plenar iclasda “Gənc qadınların ictimai fəallığının artırılmasında dini icmaların rolu” layihəsi təqdim edildi. Dövlət Komitəsinin şöbə müdirinin müavini Nahid Məmmədov “İslamda ailə modeli və müasir cəmiyyət” mövzusunda çıxış edərək ailənin əhəmiyyətindən danışıb. Bildirib ki, islam əxlaqında ailəyə böyük önəm verilir. “Bu məsələ öndə gedən və peyğəmbərimizin vurğuladığı vacib məsələrdən biridir.”
QMİ sədrinin səlahiyyətli nümayəndəsi Qəni Axundzadə “Din xadimləri İslamda orta yolun təbliğatçısı və təşviqatçısı kimi” mövzusunda çıxış edərək bu istiqamətdə aparılan işləri seminar iştirakçılarının nəzərinə çatdırıb. Lənkəran rayonu Ləj kənd məscidi dini icmasının üzvü, AMEA-nın dissertantı Samid Quliyev “Cənub bölgəsində ənənəvi dindarlıq və İslamda orta yol” mövzusunda məruzə ilə çıxış edib. Qeyd olunub ki, Azərbaycanda, xüsusən də cənub bölgəsində ənənəvi dindarlıq əsrlərdir mövcuddur və İslamda orta yol qorunub saxlanılır.
Daha sonra iştirakçılar f.d. Rafiz Manafovun “Vəhdət naminə məzhəblərarası dialoq” mövzusunda nitqini dinləyiblər. O, Azərbaycanda ənənəvi olaraq müxtəlif din və məzhəblərin ardıcıllarının əminamanlıq şəraitində yaşadıqlarını vurğulayıb, bu tarixi dəyərin qorunmasının vacibliyini diqqətə çatdırıb.
Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Proqram meneceri Nicat Məmmədlinin “Vətənpərvərlik milli dəyər kimi” mövzusu maraqla dinlənildi. Məruzəçi çıxışında “Vətəni sevmək imandandır” fikrini xüsusi vurğuladı. “Əxlaq imandandır. Əxlaq və mənəviyyat yalnız mühitin məhsuludurş Demək bu əxlaqı bizə verən mühiti, yəni bu vətəni sevmək də imandandır.”
Plenar iclasın sonunda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr edilən sənədli film nümayiş etdirildi.
Tədbirin bağlanışında çıxış edən DQİDK-nin sədri Elşad İskəndərov şəhid Mübarizin timsalında hər bir Azərbaycan vətəndaşının dövlətçiliyin möhkəmlənməsindəki mövqeyinin, işğal olunmuş torpaqların geri qaytarılmasına hər an hazır olmasının vacibliyindən danışdı. O, din xadimlərinə müraciət edərək, üzərlərinə düşən məsuliyyəti şərəflə yerinə yetirmələri üçün bütün imkanlarını səfərbər etməyə çağırdı. Komitə sədri sözlərini “Dini icmalar maarifləndirmə sahəsində cəmiyyətin aparıcı qüvvəsinə çevrilməlidir” fikirləri ilə nitqini yekunlaşdırdı.
Regional konfransın sonunda iştirakçılar bölgə üçün birgə fəaliyyət planını qəbul ediblər. Sənəddə ölkədə prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan dövlət din sahəsindəki siyasət dəstəklənib, milli-mənəvi dəyərlərin qorunması istiqamətində görülən işlər yüksək qiymətləndirilib. Maarifləndirmə işinin davamlı və intensiv keçirilməsi, icmaların bölgələrdə sosial-mədəni inkişaf prosesində daha müasir formada iştiraklarının zəruriliyi vurğulanıb.
DQİDK-nin mətbuat xidməti