23.11.2017
Lənkəranda “İslam humanizm və həmrəylik dinidir” adlı layihə uğurla icra olunur
Noyabrın 23-də Lənkəran rayonu Ləj kənd məscidi dini icması tərəfindən həyata keçirilən “İslam humanizm və həmrəylik dinidir” adlı layihə çərçivəsində Ləj kəndində “Heydər Əliyev irsi və İslam həmrəyliyi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşı Emin Həmidli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Cahandar Əlifzadə, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Ləj kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bayram Cəfərov, Ləj kənd tam orta məktəbinin direktoru İlkin Yaqubov, Ləj kənd məscidi dini icmasının sədri Əziz Şərifov və imamı Samid Quliyev, ziyalılar, gənclər və kənd ictimaiyyəti iştirak edib.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov “Heydər Əliyev irsi və İslam Həmrəyliyi” mövzusunda çıxış edərək, ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin sağlam prinsiplərə söykəndiyini bildirib. Q.Məmmədov İslam həmrəyliyinin dinlərarası və məzhəblərarası dialoqa mühüm töhfə olduğunu qeyd edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Cahandar Əlifzadə çıxışında İslam dininin müasir, dünyəvi, mütərəqqi və həmrəylik dəyərlərinə söykəndiyini vurğulayıb. C.Əlifzadə Ümummilli Lider Heydər Əliyev və cənab Prezident İlham Əliyevin dinə göstərdikləri qayğıdan danışaraq, bu baxımdan ölkəmizdə dövlətlə din arasında harmoniyanın hökm sürdüyünü tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Digər çıxışçılar Azərbaycanda yaşayan bütün xalqların milli-mənəvi və dini dəyərlərinə qarşılıqlı ehtiramla yanaşıldığını, ölkəmizdə tolerantlıq və həmrəylik mühitinin mövcud olduğunu bildiriblər. Natiqlər bu mühitin yaradılması və qorunub saxlanılmasında Ümummilli Lider Heydər Əliyevin göstərdiyi misilsiz xidmətlər haqqında məlumat veriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə imzaladığı 27 noyabr 2014-cü il tarixli Sərəncamına əsasən keçirilib.