Lənkəranda “İnsan hüquqları aylığı” çərçivəsində videokonfrans keçirilib
İyunun 8-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzi və Lənkəran Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “İnsan hüquqları aylığı” çərçivəsində videokonfrans keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Səyyad Babakişiyev, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbərliyi və əməkdaşları, Lənkəran rayonu Liman şəhəri 2 saylı, Balıqçılar qəsəbə, Kosalar və Lüvəsər kənd tam orta məktəblərinin direktorları, direktor müavinləri, psixoloqlar, uşaq birliyi təşkilatlarının rəhbərləri, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər iştirak ediblər.
Çıxışlar zamanı İnsan hüquq və azadlıqları, bu sahədə qəbul edilmiş qanunlar, qərarlar və digər normativ aktlar haqqında məlumat verilərək, ölkəmizdə bu sahədə görülən işlər, həyata keçirilən layihələr tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Natiqlər 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında olan maddələrin 1/3-nin insan hüquq və azadlıqlarına həsr edildiyini, ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması sahəsində mütərəqqi tədbirlərin həyata keçirildiyini vurğulayıblar. Videokonfransda insan hüquqlarının tərkib hissəsi olan uşaq hüquqlarına, eləcə də onların təhsil hüququna diqqət çəkilib. Şagirdlərin milli-mənəvi dəyərlərimiz əsasında, vətənpərvərlik ruhunda tərbiyə edilməsinin önəmi qeyd edilib.



