Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
29.04.2016

Lənkəranda “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda elmi-praktik konfrans keçirilib

Aprelin 28-də Lənkəran Dövlət Universitetində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  və Lənkıran Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransda DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin  müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları, Lənkəran Dövlət Universitetinin rəhbərliyi, professor-müəllim və tələbə heyəti iştirak ediblər.
Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, texnika elmləri doktoru, professor Nizami Yusubov konfransı giriş sözü ilə açaraq Heydər Əliyevin keçdiyi mənalı ömür yolundan, memarı və qurucusu olduğu Azərbaycan naminə yorulmaz fəaliyyətindən söhbət açıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov “Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasında rolu” adlı məruzəsində Ulu Öndərin milli-mənəvi dəyərlərimizin qorunması və daha da inkişaf etdirilməsi sahəsində xidmətlərindən söhbət açaraq vurğulayıb ki, Heydər Əliyevin dinə, milli-mənəvi dəyərlərimizə münasibəti həmişə dəyişməz olmuş, bu sahədə apardığı siyasətlə həm xalqına, həm bəşəriyyətə, həm də mənsub olduğu dinə xidmət etmişdir. Daha sonra natiq qeyd edib ki, Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışı xilaskarlıq missiyasının başlanğıcı idi: Cəbhədə atəşkəsə nail oldu, “Əsrin müqaviləsi” imzalandı, yeni Konstitusiyamız qəbul edildi, Azərbaycanda sivilizasiyaların və dinlərin qovşağı kimi milli-mənəvi dəyərlərimizin qorunması konsepsiyasına uyğun dövlət quruculuğu prosesinə start verildi, Azərbaycançılığın hakim ideologiyaya  çevrilməsi labüdləşdi.
Lənkəran Dövlət Universitetinin tarix və fəlsəfə kafedrasının müdiri, tarix elmləri namizədi Rakif İbadov “Multikulturalizmin və tolerantlığın Azərbaycan nümunəsi” adlı məruzəsində ölkəmizin multikultural dəyərlərindən, tolerantlıq mühitindən danışaraq bildirib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan tarixən sahib olduğu tolerantlıq və multikulturalizmin ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa etdi. Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Natiqin çıxışında Ulu Öndərimizin Azərbaycan multikulturalizminin siyasi banisi olması əminliklə vurğulanıb.
Konfransın işində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüqar Şahbazovun “Milli-mənəvi dəyərlərimiz və müasir gənclik”,  AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun doktorantı, ilahiyyatçı, Lənkəran rayonu Ləj kənd məscidinin axundu Samid Quliyevin “Qeyri-ənənəvi cərəyanların milli-mənəvi dəyərlərimizə vurduğu ziyan və problemlərin həlli yolları”,  Lənkəran Dövlət Universitetinin tarix və fəlsəfə kafedrasının baş müəllimi Kamal Mahmudovun “Vəhdətin və birgəyaşayışın Azərbaycan nümunələri” mövzusunda çıxışları dinlənilib.