08.08.2017
Lənkəranda dini maarifləndirmə tədbirləri davam etdirilir
Avqustun 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Lənkəran rayonu Balıqçılar qəsəbə “Xanım Zəhra” məscidi dini icması tərəfindən həyata keçirilən “İslam həmrəyliyi sülh və inkişafa təminatdır” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, “Xanım Zəhra” məscidi dini icmasının sədri Abuzər Xankişiyev, Nərimanabad kənd tam orta məktəbinin direktoru Şəhla Talıblı və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında son zamanlar İslam dininə qarşı qərəzli mövqe tutulduğunu, İslam dininin terrorla əlaqələndirildiyini təəssüflə qeyd edib. E.Həmidli bu kimi qərəzli mövqelərin qarşısını almaq üçün İslam dininin olduğu kimi təbliğ və təqdim olunmasının vacibliyini bildirib.
İcma sədri Abuzər Xankişiyev deyib ki, bu ilin “İslam Həmrəyliyi İli” elan olunması qürurverici hadisə olmaqla yanaşı, ölkəmizin İslam aləminə olan həssas münasibətinin göstəricisidir.
Nərimanabad kənd tam orta məktəbinin direktoru Şəhla Talıblı, Balıqçılar qəsəbə kitabxanasının müdiri Tofiqə Hüseynova çıxışlarında ölkəmizdə heç vaxt milli, irqi və dini zəmində ayrı-seçkiliyin baş vermədiyini, həmrəylik mühitinin mövcud olduğunu vurğulayıblar.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, Dövlət Komitəsi tərəfindən nəşr olunan dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.
.jpg)

