07.09.2017
Lənkəranda dini maarifləndirmə tədbiri təşkil olunub
Sentyabrın 7-də cənab Prezident İlham Əliyevin dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama uyğun olaraq, Lənkəran rayonu Bəlləbur kənd məscidi dini icması tərəfindən həyata keçirilən “İslam həmrəyliyi sülh və birliyə töhfə kimi” adlı layihə çərçivəsində Bəlləbur kəndində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Bəlləbur kənd məscidi dini icmasının sədri Sabir Cəfərov, Qurumba kənd məscidi dini icmasının sədri Hacıhəsən Babayev və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli ölkəmizdə sülh, əmin-amanlıq və həmrəyliyin hökm sürdüyünü, İslamın tolerant və multikultural din kimi insanları birliyə çağırdığını, terrora və terrorçuluğa qarşı olduğunu bildirib. E.Həmidli radikal dini cərəyanlar və onların cəmiyyət və dünyamız üçün təhlükələri haqqında tədbir iştirakçılarına məlumat verib.
Qurumba kənd məscidinin axundu Elyar Babayev, Bəlləbur kənd məscidi dini icmasının sədri Sabir Cəfərov, ilahiyyatçı Qurban Hüseynov çıxışlarında cənab Prezident tərəfindən irəli sürülən İslam həmrəyliyi təşəbbüsünün köklərinin müqəddəs kitabımız olan Qurani-Kərimə söykəndiyini, bununla da ölkəmizin müqəddəs və şərəfli missiya həyata keçirdiyini qeyd ediblər. Natiqlər bu uzaqgörən addımı müsəlman dünyasına, ümumilikdə, bütün dünyaya yönələn həmrəylik, birlik çağırışı kimi yüksək qiymətləndiriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, Dövlət Komitəsi tərəfindən nəşr olunan dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb.