Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
08.12.2017

Lənkəranda dini maarifləndirici tədbir keçirilib

Dekabrın 8-də Prezident İlham Əliyevin dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə 27 noyabr 2014-cü il tarixli Sərəncamına əsasən maliyyə yardımı almış Lənkəran rayonu Şağlaser kənd məscidi dini icması tərəfindən həyata keçirilən “Milli-mənəvi dəyərlərimiz və İslam həmrəyliyi” adlı layihə çərçivəsində Şağlaser kənd ümumi orta məktəbində dini maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin aparıcı məsləhətçisi Rövşən Nəzərov, Şağlaser kənd tam orta məktəbinin direktoru Yalçın Əliyev, Şağlaser kənd ümumi orta məktəbinin direktoru Məmməd Səfərov, dini icmanın sədri Ruhulla Ruhullayev, müəllimlər, şagirdlər və kənd ictimaiyyəti iştirak edib.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında ölkəmizdə müxtəlif dinlərə və məzhəblərə mənsub insanların bərabər, mehriban və həmrəylik şəraitində yaşadığını qeyd edib. O, ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini vurğulayıb.
DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin aparıcı məsləhətçisi Rövşən Nəzərov çıxışında özündə sülh və həmrəylik çağırışlarını ehtiva edən İslam dininin milli-mənəvi dəyərlərimizin formalaşmasında mühüm rolunun olduğunu bildirib. Qeyd edib ki, İslam həmrəyliyi yalnız müsəlman aləmində deyil, bütün dünyada sülhə, əmin-amanlığa və sabitliyə töhfədir. Natiq dini radikalizm, ekstremizm və onların fəsadları haqqında məlumat verərək bu mənfi meyillərə qarşı mübarizədə İslam həmrəyliyinin müstəsna əhəmiyyətindən danışıb.
Şağlaser kənd tam orta məktəbinin direktoru Yalçın Əliyev, Şağlaser kənd ümumi orta məktəbinin direktoru Məmməd Səfərov, dini icmanın sədri Ruhulla Ruhullayev çıxışlarında ölkəmizdə dövlət-din münasibətlərinin zəngin milli-mənəvi dəyərlərimizə və ənənələrimizə söykəndiyini, tolerant mühitin Azərbaycan xalqının həyat tərzi olduğunu qeyd ediblər.
Tədbirin sonunda Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş edilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, Dövlət Komitəsi tərəfindən nəşr edilən dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb.