25.02.2016
Lənkəranda “Azərbaycan tolerantlıq məkanıdır” mövzusunda elmi-praktik konfrans keçirilib
Fevralın 24-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində “Azərbaycan tolerantlıq məkanıdır” mövzusunda elmi-praktik konfrans keçirilib.
Lənkəran Şəhər İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə icra hakimiyyətinin məsul işçiləri, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyələrin sədrləri, ağsaqqallar, dini icmaların rəhbərləri, müəllimlər və tələbələr, ictimaiyyətin təmsilçiləri iştirak ediblər.
Konfransda çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov millətlərarası münasibətlərin tənzimlənməsində, xalqlar arasında dostluğun və birgəyaşayışın qorunub saxlanmasında multikultural dəyərlərin və tolerantlığın əhəmiyyətini vurğulayaraq, Azərbaycanda bu sahədə əldə olunmuş nailiyyətlərdən danışıb.
T.Qaraşov Azərbaycanda multikultural dəyərlərin və tolerantlığın Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. O, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasətin ölkədə hökm sürən siyasi sabitliyin, əmin-amanlığın, qarşılıqlı etimadın, xalqlar dostluğunun qarantı olduğunu diqqətə çatdırıb.
İcra hakimiyyətinin başçısı müasir dünyanın milli-dini zəmində toqquşmalar, terror hadisələri, məzhəb savaşları, dövlətlərarası etimadsızlıq, ictimai-siyasi vəziyyətin kəskinləşməsi halları ilə üz-üzə qaldığı bir vaxtda Azərbaycanda milli həmrəyliyin, xalqlar dostluğunun, möhkəm siyasi sabitliyin qürurverici olduğunu, beynəlxalq aləmdə ölkəmizə nüfuz qazandırdığını vurğulayıb.
Elmi-praktik konfransda çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini, ictimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyeva, Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə, “Lənkəran Rus İcması” İctimai Birliyinin sədri Lidiya Koryagina, Lənkəran Dövlət Universitetinin tarix-fəlsəfə kafedrasının baş müəllimi Kamal Mahmudov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov multikulturalizm ənənələrinin, tolerantlığın və dözümlülüyün xalqın yaşam tərzindən, tarixi keçmişindən, adət-ənənəsindən qaynaqlandığını diqqətə çatdırıb, Azərbaycanın dünyada tolerant məkan kimi tanındığını qeyd ediblər.
Bildirilib ki, əsrlərdir Azərbaycanda çoxlu sayda dini icmalar fəaliyyət göstərir və dini ayinlərin sərbəst şəkildə yerinə yetirilməsi üçün lazımi şərait yaradılıb.
Qeyd edilib ki, bu gün tolerantlığın Azərbaycan modeli dünya üçün nümunə sayılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dini dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü dövlət siyasəti həyata keçirilir, İslam həmrəyliyinin gücləndirilməsi və dini dəyərlərin müdafiəsi üçün beynəlxalq səviyyədə işlər görülür. 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi, 2017-ci ildə isə Azərbaycanda keçirilməsi nəzərdə tutulan İslam Həmrəylik Oyunlarının təşkili məhz bu siyasətin bariz nümunəsidir.
Çıxışlarda qeyd olunub ki, sovet dövründə Azərbaycanda cəmi 17 məscid olduğu halda, bu gün onların sayı 2000-ni keçib. Bu məscidlərdən 78-i Lənkəran rayonunda fəaliyyət göstərir. Lənkəran rayonunun Şıxəkəran kəndində Şeyx Zahid türbəsi, Cil kəndində Seyid Xəlifə, Şağlaküçə kəndində Seyidəpir ziyarətgahları, Səpnəkəran, Cil, Viravul, Girdəni, Göyşaban və digər kənd məscidləri təmir olunaraq istifadəyə verilib. Rayonda insanların tolerantlıq mühitində yaşaması üçün lazım olan bütün şərait yaradılıb. Yerli icra strukturları Lənkəranda yaşayan müxtəlif millətlərin nümayəndələri və dini icma rəhbərləri ilə mütəmadi görüşlər keçirir, onları maraqlandıran bütün məsələlərin həllinə diqqət göstərirlər.
Konfrans iştirakçıları “Azərbaycan tolerantlıq məkanıdır” adlı sənədli filmə baxıblar.

.jpg)