Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
13.07.2018

Lənkəranda "Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisidir” mövzusunda tədbir keçirilib

İyulun 13-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar “Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisidir” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Lənkəran ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri müavini - dini qurumlarla işin təşkilatçısı Asif İmanlı, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vasif Qafarov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Lənkəran ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri müavini - dini qurumlarla işin təşkilatçısı Asif İmanlı çıxışında Xalq Cümhuriyyəti dövründə görülən işlərdən danışıb. A.İmanlı 1991-ci ildə Azərbaycan yenidən müstəqillik əldə etdikdən, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra bütün sahələrdə mütərəqqi nailiyyətlər əldə edildiyini bildirib.
AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vasif Qafarov çıxışında Azərbaycan Xalq Cümhuriyyəti  haqqında ətraflı məlumat verib. Xalq Cümhuriyyətinin Şərqdə, o cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olduğunu qeyd edib.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov “Azərbaycanda dövlət-din münasibətləri: dünən və bu gün” mövzusunda çıxış edərək Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövründə və Azərbaycan Respublikasında həyata keçirilən dövlət-din münasibətləri və onun əsas istiqamətlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, Azərbaycanda tarixən tolerant, multikultural mühit, həmrəylik və vəhdət hökm sürüb.
Lənkəran Dövlət Universitetinin Humanitar elmlər fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru Kamal Mahmudov və digərləri çıxışlarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi haqqında 16 may 2017-ci il tarixli Sərəncamını, eləcə də 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsini tarixi keçmişimizə verilən dəyər kimi yüksək qiymətləndiriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.