Lənkəranda 2019-cu ilin yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş tədbir keçirilib
Yanvarın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsi, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə 2019-cu ilin yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, Lənkəran ŞİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Asif İmanlı, QMİ-nin Lənkəran bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Çıxışlar zamanı 2019-cu ildə görülən işlərə nəzər salınıb. Vurğulanıb ki, məscidlərdə keçirilən mərasimlər QMİ-nin fətvasına və qanunvericiliyin tələblərinə uyğun olaraq baş tutub. 2020-ci ildə də mənəvi dəyərlərimizin fəal şəkildə təbliğ edilməsi, dini maarifləndirmə işinin düzgün təşkil olunması, habelə sosial şəbəkələrdən səmərəli istifadə ilə bağlı dini icma sədrləri və din xadimlərinə tövsiyələr verilib. Natiqlər, xalqımızın çoxəsrlik milli-mənəvi və dini dəyərlərinin qorunması, inkişafı və gələcək nəsillərə çatdırılmasında din xadimlərinin üzərinə mühüm vəzifələr düşdüyünü vurğulayıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.