26.08.2016
Lənkəran rayonunda “Dövlət-din münasibətləri” mövzusunda konfrans keçirilib
Avqustun 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Lənkəran Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dövlət-din münasibətləri” mövzusunda konfrans keçirilib.
Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Lənkəran Rayon İcra Hakimiyyətinin rəsmiləri, idarə və təşkilatların rəhbərləri, təhsil, mədəni-maarif müəssisələrinin işçiləri, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov multikulturalizmin hökm sürdüyü Azərbaycanda, o cümlədən Lənkəranda dövlət-din münasibətlərinin qüvvədə olan qanunvericiliyin tələblərinə tam cavab verən şəkildə tənzimləndiyini, milli mənsubiyyətindən asılı olmayaraq hər bir inanclı insanın dini etiqad azadlığının Konstitusiya normaları səviyyəsində təmin olunduğunu deyib. O, bütün bunların Ulu Öndər Heydər Əliyevin müdrik düşüncəsinin, cənab Prezident İlham Əliyevin yorulmaz fəaliyyətinin misilsiz bəhrəsi olduğunu xüsusi vurğulayıb.
Konfransda çıxış edən DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov bölgənin hazırkı dini durumu barədə məlumat verərək ölkəmizin zəngin milli-mənəvi irsə, çoxəsrlik tolerantlıq ənənələrinə, nümunəvi dövlət-din münasibətləri modelinə malik olduğunu, Azərbaycanda bütün dinlərin, mədəniyyətlərin nümayəndələrinin sülh, qardaşlıq şəraitində yaşadıqlarını, ölkəmizdə tolerantlıq, dünyəvilik, multikulturalizm ənənələrinin və milli-mənəvi dəyərlərin yüksək səviyyədə mövcudluğunu diqqətə çatdırıb.
QMİ-nin Lənkəran bölgəsi üzrə qazısı Qəni Axundzadə dinə dövlət qayğısından danışaraq bildirib ki, bu gün Prezident İlham Əliyevin din sahəsinə, o cümlədən milli-mənəvi dəyərlərimizə göstərdiyi qayğının nəticəsidir ki, tarixi-dini abidələrimiz bərpa olunur, zəngin mənəvi irsimiz yaşadılır və ölkə dindarları sərbəst şəkildə ibadətlərini həyata keçirirlər.
Konfransda dövlət-din münasibətlərinin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun qurulması ilə bağlı məruzələr və çıxışlar dinlənilib, verilən təkliflərlə bağlı müvafiq tövsiyə və tapşırıqlar verilib.
