23.02.2017
Kürdəmirdə “Xocalı soyqırımı – sülh və bəşəriyyət əleyhinə cinayət kimi” mövzusunda tədbir keçirilib
Fevralın 23-də Kürdəmir Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Kürdəmir rayon Təhsil şöbəsində (RTŞ) rayonun təhsil və mədəniyyət işçilərinin iştirakı ilə Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar “Xocalı soyqırımı – sülh və bəşəriyyət əleyhinə cinayət kimi” mövzusunda anım tədbiri keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Xocalı soyqırımında qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan Kürdəmir RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov bildirib ki, xalqımızın qan yaddaşı olan Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. E. Qafarov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin ölkəyə qayıdışı və onun dünya miqyaslı nüfuzu Xocalı faciəsinin də dünya səviyyəsində öz qiymətini almasına səbəb olub. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi xarici və daxili siyasət, o cümlədən Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll olunması yolunda atdığı addımlar təqdirəlayiqdir.
Daha sonra çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev İslam dinində “vətən” və “şəhidlik” məfhumlarının müqəddəs sayıldıqlarını vurğulayaraq Xocalı faciəsinin mahiyyət etibarilə Holokost, Hernika və Xatın soyqırımları kimi insanlığa qarşı törədilmiş cinayətlərlə eyni olduğunu bildirib.
Rayon Polis Şöbəsinin əməkdaşı Asif Əhmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin Kürdəmir Rayon İdarəsinin əməkdaşı Seymur Müslümov və Kürdəmir şəhər 1 saylı tam orta məktəbin müəllimi Məhəmmədəli Rəsulov öz çıxışlarında Azərbaycan dövlətinin qüdrətli və nizami ordusunun olduğunu xüsusi vurğulayaraq 2016-cı ilin aprel döyüşlərini diqqətə çatdırıblar. Natiqlər qeyd ediblər ki, Xocalı faciəsi baş verən dövrdə nizami ordunun və vahid komandanlığın olmaması itkilərin sayının daha çox olmasına səbəb olub.