Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
28.12.2017

Kürdəmirdə “Müqəddəs dəyərlərdə həmrəylik” mövzusunda tədbir keçirilib

Dekabrın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Kürdəmir şəhər “İmam Rza” məscidi dini icması tərəfindən “İslam həmrəylik və birliyə çağırış dinidir” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Kürdəmir şəhər “İmam Rza” məscidi dini icmasının sədri Füzuli Cəfərov, Dövlət Təhlükəsizliyi Xidmətinin Kürdəmir rayon idarəsinin əməkdaşı Seymur Müslümov, rayon Polis şöbəsinin əməkdaşları Asif Əhmədov və Aqşin Səfərli, fəal gənclər, yuxarı sinif şagirdləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Kürdəmir RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi digər İslam ölkələri üçün bir örnəkdir. O vurğulayıb ki, dövlət başçımızın bu təşəbbüsü müsəlman dünyasında mövcud olan problemlərin köklü şəkildə həlli və İslam coğrafiyasında mövcud konfliktlərin dialoq vasitəsilə həllinə yönəlib. Buna görə Azərbaycan Prezidentinin bu təşəbbüsü və qərarı İslam dünyasında böyük əks-səda doğurmaqla ciddi şəkildə müdafiə edilir.
DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev diqqətə çatdırıb ki, İslam dini bütün dinlərin qardaşlıq, həmrəylik şəraitində yaşamasını tövsiyə edir. Bildirib ki, dünyada insanların sülh və sabitlik şəraitində yaşaması üçün həmrəylik vacibdir.
Kürdəmir şəhər “İmam Rza” məscidi dini icmasının sədri Füzuli Cəfərov, Dövlət Təhlükəsizliyi Xidmətinin Kürdəmir rayon idarəsinin əməkdaşı Seymur Müslümov, rayon Polis şöbəsinin əməkdaşları Asif Əhmədov, Aqşin Səfərli və başqaları çıxışlarında milli və dövlətçilik maraqlarımıza təhlükə törədən amillərə qarşı dini maarifçiliyin  effektiv təsir göstərdiyini diqqətə çatdırıblar. Çıxış edən natiqlər İslam dininin Allaha ibadətlə yanaşı, ailədə və cəmiyyətdə insanlararası münasibətləri tənzimləyən, insanları faydalı işlər görməyə sövq edən, sülh və əmin-amanlıq içərisində birgəyaşayışa səsləyən əxlaqi qaydalar sistemi olduğunu vurğulayıblar.
Mövzu ilə bağlı tədbirin yekununda diskussiya təşkil olunub və dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən keçirilib.