Kürdəmirdə maarifləndirici tədbir keçirilib
İyunun 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Kürdəmir rayonu Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “İnsan hüquqları aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Samir Əhmədov, Heydər Əliyev Mərkəzinin direktoru Düriyyə Seyidova, mərkəzin əməkdaşı Xəyyam Məlikov və şagirdlər iştirak ediblər.
Çıxışlar zamanı qeyd edilib ki, “İnsan hüquqları aylığı” çərçivəsində tədbirlərin keçirilməsinin əsas məqsədi, insan hüquqlarını və hüquq bərabərliyi üzərində qurulmuş multukulturalizm dəyərlərini ölkəmizin vətəndaşları arasında təbliğ etmək, eləcə də cəmiyyətdə insan ləyaqətinə hörməti, insan hüquqlarına əməl olunmasının zəruruliyini önə çəkməklə gənclərdə humanizm keyfiyyətlərini formalaşdırmaqdan ibarətdir. Həmçinin bu sahədə əldə edilmiş nailiyyətlərin və tolerantlıq, multukulturalizm, islam həmrəyliyi ideyalarının dünyaya yüksək səviyyədə çatdırılmasının ölkəmizdə insan hüquqlarının qorunmasında əhəmiyyətli rolu olduğu vurğulanıb.
Sonda iştirakçılara ailədə, cəmiyyətdə hüquqların pozulduğu halda onların hansı formada müdafiəsinin mümkünlüyü haqqında məlumatlar verilib və qarşılıqlı fikir mübadiləsi aparılıb.