18.01.2018
Kürdəmirdə İslamda Vətən sevgisi və şəhidlik mövzusunda tədbir keçirilib
Yanvarın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Kürdəmir şəhər “İmam Rza” məscidi dini icması tərəfindən “İslam həmrəylik və birliyə çağırış dinidir” layihəsi çərçivəsində İslamda Vətən sevgisi və şəhidlik mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, “İmam Rza” məscidi dini icmasının sədri Fizuli Cəfərov, Dövlət Təhlükəsizliyi Xidmətinin Kürdəmir rayon idarəsinin əməkdaşı Seymur Müslümov, rayon Polis şöbəsinin əməkdaşları Asif Əhmədov, Bilik Fondunun Kürdəmir rayon nümayəndəsi Vüqar Nəsirov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirin açılışında çıxış edən Kürdəmir RİH-in nümayəndəsi Elxan Qafarov keçirilən bu tədbirlərin gənc nəslin nümayəndələrinə Vətənə sevgi hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun və Azərbaycan tarixinin təbliğ olunması baxımından əhəmiyyətli rola malik olduğunu qeyd edib. O, 20 Yanvar faciəsinin xalqımızın müstəqillik uğrunda mübarizəsində oynadığı roldan da danışaraq bu hadisənin Azərbaycan xalqının yaddaşında qanlı bir səhifə kimi qalmaqla bərabər, həm də qürur günü kimi daxil olduğunu qeyd edib.
Daha sonra çıxış edən Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev İslam dinində “Vətən” və “şəhidlik” məfhumlarının əvəzolunmaz müqəddəslərdən sayıldığını vurğulayıb. Əzim Rəfiyev İslam dininin Vətəni, dövləti və ailəni qorumağı insanların başlıca vəzifəsi hesab etdiyini diqqətə çatdırıb.
Çıxış edən digər natiqlər də milli-mənəvi dəyərlər sistemində Vətən sevgisinin başlıca dəyərlərdən biri olduğunu, bu dəyər olmadan hər hansı dövlətin çiçəklənməsinin, hətta ayaqda durmasının mümkün olmadığnı qeyd ediblər.
Tədbirin yekununda iştirakçılar 20 Yanvar hadisələrini əks etdirən sərgi ilə tanış olublar.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən keçirilib.