Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.12.2016

Kürdəmirdə “Gənclər dini radikalizmə və ekstremizmə yox deyir” mövzusunda seminar-müşavirə keçirilib

Dekabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi, Kürdəmir rayon İcra Hakimiyyəti (RİH), Kürdəmir Rayon Polis İdarəsinin (RPİ) və Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Kürdəmir rayon İdarəsinin birgə təşkilatçılığı ilə Kürdəmir şəhər Gənclər Evində “Gənclər dini radikalizmə və  ekstremizmə yox deyir” mövzusunda seminar-müşavirə keçirilib.
Tədbirdə Kürdəmir RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, RPİ-nin əməkdaşı Asif Əhmədov, DTX-nın Kürdəmir rayon İdarəsinin əməkdaşı Seymur Müslümov, təhsil işçiləri, yuxarı sinif şagirdləri və aktiv fəaliyyəti ilə seçilən gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Kürdəmir RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərinin ölkəmizin inkişafına böyük töhfə verdiyini söyləyib. İslam dininin mənəviyyatımız, mədəniyyətimiz, mental dəyərlərimizlə bağlı olduğunu bildirən Elxan Qafarov bu gün hər bir Azərbaycan vətəndaşının, xüsusən də gənclərin üzərinə dinimizi, milli-mənəvi dəyərlərimizi düzgün öyrənmək və təbliğ etmək kimi məsuliyyətli vəzifə düşdüyünü deyib.
“Gənclərin milli-mənəvi dəyərlər ruhunda yetişdirilməsinin əhəmiyyəti” mövzusunda çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, milli-mənəvi və əxlaqi dəyərlərdən uzaq, sistemləşdirilmiş ideoloji dünyagörüşünə malik olmayan gənclərin sabah nə dövlət, nə cəmiyyət, nə də özləri üçün fayda gətirəcəklərini vurğulayıb. Qeyd edib ki, qeyri-ənənəvi dini təriqətlərin yayılması cəhdlərinin qarşısının alınması gənclər arasında milli-mənəvi, xüsusilə dini dəyərlərin təbliğinin düzgün aparılmasından asılıdır.
Daha sonra çıxış edən DTX-nın Kürdəmir rayon şöbəsinin əməkdaşı Seymur Müslümov və RPİ-nin əməkdaşı Asif Əhmədov da müasir gəncliyimizin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasının vacibliyinə diqqət çəkərək, radikalizmlə mübarizə tədbirləri çərçivəsində dini maarifləndirmənin xüsusən gənclər arasında aparılmasının tərəfdarı olduqlarını bildiriblər.
Tədbir gənclərin mövzu ətrafında aktiv diskussiyası və iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.