03.02.2017
Kürdəmirdə “Etnokonfliktlərin həlli yolu kimi - İslamda həmrəylik” mövzusunda tədbir keçirilib
Fevralın 3-də Kürdəmir Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsi, Kürdəmir rayon Polis İdarəsinin və DTX-nin Kürdəmir Rayon İdarəsinin birgə təşkilatçılığı ilə Kürdəmir şəhər Heydər Əliyev Mərkəzində “Etnokonfliktlərin həlli yolu kimi - İslamda həmrəylik” mövzusunda tədbir keçirilib.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, RPİ-nin əməkdaşı Asif Əsgərov, DTX-nin Kürdəmir rayon İdarəsinin əməkdaşı Seymur Müslümov, dini icma sədrləri, din xadimləri, rayonun təhsil və mədəniyyət işçiləri, eləcə də gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Kürdəmir RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov qeyd edib ki, dövlət başçısı İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili”, onun məntiqi davamı kimi bu ili “İslam həmrəyliyi İli” elan etməsi bütün dünyaya “bir-birimizə qarşı dözümlü olaq, hörmətlə yanaşaq, həmrəy olmağı, dinlər və məzhəblər arasında dialoq qurmağı bacaraq” çağırışıdır. E.Qafarov dünyanın ziddiyyətlər içində boğulduğu və fəlakətlərin baş verdiyi şəraitdə həmrəylik təşəbbüsünün göstərilməsinin aktual məsələ kimi ortaya çıxdığını diqqətə çatdırıb.
Tədbirdə “İslam həmrəyliyinin qarşısında duran maneələr” mövzusunda çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev qeyd edib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi humanist və sülhsevər bir təşəbbüs olmaqla ölkəmizin İslam birliyinə olan həssas münasibətinin göstəricisidir. Müasir dünyamızı başına alan qanlı qarşıdurmaların daha çox müsəlman ölkələrini əhatə etdiyini vurğulayan Əzim Rəfiyev bunun əsas səbəblərindən birinin də İslam dininə sitayiş edənlər arasında sürətli parçalanmanın mövcud olmasını diqqətə çatdırıb.
Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin Kürdəmir Rayon İdarəsinin əməkdaşı Seymur Müslümov “Terrorçuluq və dini ekstremizmə qarşı mübarizənin təşkili” mövzusunda, RPİ-nin əməkdaşı Asif Əsgərov “Radikalizm və ekstremizmin milli-mənəvi dəyərlərimizə vurduğu ziyan” və QMİ-nin Kürdəmir rayonu üzrə səlahiyyətli nümayəndəsi Fizuli Cəfərov isə “İslamın birlik və bərabərliyə verdiyi əhəmiyyət” mövzusunda çıxışlar ediblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.