Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
17.12.2019

Kürdəmirdə “Dini radikalizmlə mübarizə: necə və nə etməli?” mövzusunda seminar-treninq keçirilib

Dekabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Kürdəmir Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Kürdəmir rayonu Sığırlı kəndində “Dini radikalizmlə mübarizə: necə və nə etməli?” mövzusunda seminar-treninq keçirilib.

Seminar-treninqdə Kürdəmir RİH başçısı Aparatının  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə, Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Əzim Rəfiyev, kənd dindarları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Kürdəmir RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov bildirib ki,  Azərbaycan dövləti milli-mənəvi dəyərlərimizin qorunması və inkişafına daimi xüsusi önəm verir. Ölkəmizdə son illərdə aparılan geniş maarifləndirmə işlərinin əhəmiyyətindən danışan natiq bu cür tədbirlərin keçirilməsinin zamanın tələbi olduğunu xüsusi vurğulayıb. O diqqətə çatdırıb ki, dini radikalizmin qarşısının alınmasında dini maarifləndirmə işinin aparılması ən önəmli məsələlərdəndir.

DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə çıxışında dini radikalizmin cəmiyyətə, xüsusilə gənclərə göstərdiyi mənfi təsirdən ətraflı şəkildə bəhs edib. Radikalizmlə mübarizədə ən güclü silahın məhz elm və təhsil olduğunu, təhsilli gənclərin isə radikal qrupların təsiri altına düşməsinin mümkün olmadığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. İslam dinini düzgün şəkildə, olduğu kimi təbliğ etməyin  əhəmiyyətini vurğulayan natiq bildirib ki, dini radikalizm dini savadsızlığın, xurafatın və cəhalətin təzahürüdür.

Daha sonra Kürdəmir şəhər (1) məscidi dini icmasının sədri Aqil Əliyev Azərbaycan Respublikası ərazisində tarixən formalaşmış dini dəyərlərin hər zaman radikalizmlə əks qütbdə dayandığını, radikal ünsürlərə qarşı mübarizədə ciddi əhəmiyyətə malik olduğunu bildirib. O, dini radikalizmə qarşı mübarizədə dindarların, din xadimlərinin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.

Çıxışlardan sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.