03.11.2016
Kürdəmirdə “Dini radikalizm ümumbəşəri bəladır” mövzusunda tədbir keçirilib
Noyabrın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi, Kürdəmir Rayon İcra Hakimiyyəti (RİH), Rayon Polis İdarəsi (RPİ) və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Kürdəmir Rayon İdarəsinin birgə təşkilatçılığı ilə Kürdəmir rayonunun Atakişili kənd tam orta məktəbində “Dini radikalizm ümumbəşəri bəladır” mövzusunda tədbir keçirilib.
Tədbirdə RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, RPİ-nin əməkdaşı Nizami Abbasov, DTX-nın Kürdəmir Rayon İdarəsinin əməkdaşı Seymur Müslümov, məktəb müəllimləri və şagirdləri iştirak ediblər.
Kürdəmir RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov tədbiri giriş sözü ilə açaraq dini ekstremizmin terrorizmə gətirib çıxardığını və son illər dünyada ekstremizmin səviyyəsinin artdığını, arealının genişləndiyini vurğulayıb.
“Dini radikalizmin təzahür formaları” mövzusunda çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev bütün dinlərin əsas vəzifəsinin insanlara, cəmiyyətə mənəvi rahatlıq vermək olduğunu deyib. Natiq təəssüflə bildirib ki, bununla belə, bəzən öz şəxsi, yaxud qrup maraqları naminə dindən vasitə kimi istifadə etməyə çalışanlar da olur.
Daha sonra çıxış edən DTX-nın Kürdəmir Rayon İdarəsinin əməkdaşı Seymur Müslümov, Kürdəmir RPİ-nin əməkdaşı Nizami Abbasov radikalizmin cəmiyyətə və milli-mənəvi dəyərlərimizə vura biləcəyi zərərlərdən, dini ekstremizmə və terrorçuluğa qarşı mübarizə metodlarından, bu istiqamətdə həyata keçirilən qabaqlayıcı tədbirlərin əhəmiyyətindən danışıblar.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.



