Kürdəmirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Kürdəmir RİH-in birgə təşkilatçılığı ilə tədbir keçirilib
Oktyabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Kürdəmir Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Kürdəmir şəhərində “Din adı, pərdəsi altında ölkəmizdə ictimai-siyasi sabitliyin pozulmasına çalışan radikal qüvvələrin qarşısının alınmasında birgə mübarizənin vacibliyi” mövzusunda tədbir keçirilib.Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşları, rayon ictimaiyyəti, dini icma sədrləri, dindarlar, rayonun təhsil, səhiyyə, eləcə də mədəniyyət işçiləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Kürdəmir RİH-in nümayəndəsi Elxan Qafarov rayondakı dini durum barədə ümumi məlumat verib. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin qətiyyətlə, inamla davam etdirdiyi siyasət nəticəsində ölkəmizdə ictimai-siyasi sabitliyin yarandığını, milli-mənəvi dəyərlərə böyük önəm verildiyini qeyd edib.
Tədbirdə çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşı Nizami Məmmədov multikulturalizmin hökm sürdüyü Azərbaycanda dövlət-din münasibətlərinin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun tənzimləndiyini, milli mənsubiyyətindən asılı olmayaraq hər bir inanclı insanın dini etiqad azadlığının Konstitusiya normaları səviyyəsində təmin edildiyini vurğulayıblar. Daha sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin rayon üzrə səlahiyyətli nümayəndəsi Füzuli Cəfərov və Kürdəmir şəhər “Cümə” məscidi dini icmasının sədri və imamı Aqil Əliyev də İslam dinində fanatizmə yer olmadığını qeyd ediblər və milli-mənəvi dəyərlərin təbliğində din xadimlərinin rolundan danışıblar.
Sonda Məhərrəm ayının başlanması ilə əlaqədar olaraq Aşura günü təziyə mərasimlərində Kərbəla şəhidləri ilə yanaşı, Qarabağ müharibəsi zamanı şəhid olan soydaşlarımızın və qazilərimizin də xatirələrinin yad edilməsi, bütün mərasim və tədbirlərin qanun çərçivəsində təşkil edilməsi tövsiyə olunub.
İştirakçıları maraqlandıran sualların cavablandırılması ilə tədbir öz işini yekunlaşdırıb.




.jpg)
