Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
14.04.2016

Kürdəmir rayonunda “Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili” mövzusunda seminar-müşavirə keçirilib

Aprelin 14-də Kürdəmir rayonu Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Kürdəmir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili” mövzusunda seminar-müşavirə keçirilib. Müşavirədə DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri Sadiq Mirzəyev, Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Cahandar Əlifzadə, Maliyyə-təsərrüfat şöbəsinin müdiri Oqtay Hüseynov, Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Əzim Rəfiyev, Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai -siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəsilə Əsgərli, şöbənin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, dini icma sədrləri, ziyalılar, ağsaqqallar, dindarlar və gənclər iştirak ediblər.
Müşavirə iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbiri giriş sözü ilə açan Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəsilə Əsgərli bildirib ki, dini sahədə DQİDK tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri öz müsbət təsirini göstərməkdədir. Dövlət başçısı cənab İlham Əliyevin 27 noyabr 2014-cü il tarixli Sərəncamı ilə ölkədə fəaliyyət göstərən dini icmalara maliyyə yardımının ayrılması və bu yardımdan Kürdəmir rayonunda fəaliyyət göstərən icmaların da bəhrələnməsi nəticəsində yüzlərlə dindar düzgün dini biliklər əldə edib və ənənəvi İslam dinini mənimsəyiblər.
DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri Sadiq Mirzəyev, geniş məruzə ilə çıxış edərək bildirib ki, biz maarifləndirmə yolu ilə radikalizmi təbliğ edən ideoloqlara qarşı tutarlı cavab verə bilirik. Bu sahədə dini icmaların və din xadimlərinin köməyindən və biliyindən maksimum yararlanırıq. Sadiq Mirzəyev dini icmalar və din xadimlərini ictimai həyatda fəal olmağa, dinə meyilli təbəqə ilə iş aparmağa çağırıb.
DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Cahandar Əlifzadə çıxışında əsas diqqəti bölgələrdə fəaliyyət göstərən dini icmaların radikalizmlə mübarizədə əvəzolunmaz dərəcədə roluna yönəldib.
Daha sonra DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Əzim Rəfiyev Kürdəmir rayonunda radikalizmlə mübarizədə dini icmalarla aparılan qarşılıqlı əməkdaşlıqdan danışıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.