Kürdəmir rayonunda “Aşura mərasimi: tarix, ənənə və hüquq müstəvisində” mövzusunda tədbir baş tutub
Avqustun 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi Kürdəmir Rayon İcra Hakimiyyəti və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Kürdəmir rayonu üzrə səlahiyyətli nümayəndəliyinin təşkilatçılığı ilə “Aşura mərasimi: tarix, ənənə və hüquq müstəvisində” mövzusunda tədbir keçirilib.
Pandemiya ilə əlaqədar zəruri qaydalara əməl olunmaqla təşkil olunmuş tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşı Seyfəli Umarov, QMİ-nin Kürdəmir rayonu üzrə səlahiyyətli nümayəndəsi Fizuli Cəfərov, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Çıxış edən natiqlər qeyd ediblər ki, öz demokratizmi, humanizmi və bəşəri idealları ilə dünya sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən İslam dini xalqımızın dünyagörüşünün formalaşmasında və milli-mədəni inkişafında müstəsna rol oynayıb, mütərəqqi islami dəyərlər və ənənələr Azərbaycanda həmişə uca tutulub. Azərbaycan müstəqil ölkə kimi inkişaf etdikcə milli-mənəvi dəyərlər sisteminin daha da güclənməsi qürurvericidir. Ölkəmizdə bütün dinlərin nümayəndələrinə öz dini etiqad və azadlıqlarını ifadə etmək, dini ayin və mərasimləri sərbəst yerinə yetirmək üçün şərait yaradılıb.
Tədbirdə eyni zamanda Məhərrəm ayı ilə bağlı tədbirlərin mövcud qanunvericiliyə uyğun şəkildə keçirilməsinin zəruriliyi diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

