Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə tədbir keçirilib
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 5.1-ci bəndinə əsasən korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları (qurumları) arasında əməkdaşlığın daha da gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi və 6.9-cu bəndinə əsasən mediadan, o cümlədən dövlət orqanlarının (qurumlarının) və bələdiyyələrin öz internet və sosial şəbəkə səhifələrindən istifadə etməklə korrupsiyaya qarşı mübarizə tədbirləri ilə əlaqədar xüsusi buraxılışların təşkili, ictimai müzakirələrin, videokonfransların keçirilməsi ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi ilə birlikdə dekabrın 11-də zoom proqramı vasitəsilə onlayn tədbir keçirib.
Tədbirdə "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimov, Dövlət Komitəsinin Mərkəzi Aparatının və regional bölmələrin rəhbərləri və əməkdaşları iştirak ediblər.
"Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə təcrübəsinin sistemli, kompleks və innovativ xarakteri ilə seçilməsindən, bu sahədə görülən tədbirlər çərçivəsində korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət planlarından, korrupsiya anlayışından, korrupsiya ilə bağlı aidiyyəti üzrə məhkəmələrə göndərilmiş işlər üzrə statistik məlumatlardan danışıb.
Videokonfransda Dövlət qulluğu və insan resursları şöbəsinin müdiri Aqşin Əliyev Milli Fəaliyyət Planında əks etdirilmiş tədbirlərin icrasının ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən məqsədyönlü və qətiyyətli fəaliyyətin tərkib hissəsi kimi, şəffaflığın artırılması, dövlət orqanları tərəfindən göstərilən xidmətlərin keyfiyyət etibarilə yaxşılaşdırılması, ictimai nəzarətin təşkilində və korrupsiyanın ifşa edilməsində vətəndaş cəmiyyəti institutlarının rolunun artırılması, dövlət sektorunda idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi barədə çıxış edib.
Bundan sonra Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illəri əhatə edən bu çoxşaxəli Milli Fəaliyyət Planı fərqli fəaliyyət istiqamətləri olan müxtəlif qurumların korrupsiyaya qarşı mübarizə səylərini birləşdirməli olduqları qeyd olunub, eləcə də korrupsiyaya qarşı mübarizənin bütün dövlət strukturları və vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli və əlaqəli şəkildə gerçəkləşdirilməsinə imkan yaratması ilə bağlı əməkdaşlıqların genişləndirilməsi, gələcək tarixlərdə də birgə tədbirlərin, ictimai müzakirələrin, videokonfransların keçirilməsi qərarı qəbul edilib.





