Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
23.07.2016

Komitə sədri Mübariz Qurbanlı və Şeyxülislam Allahşükür Paşazadə Şəki və Qaxda dindarlarla görüş keçiriblər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 22-də Şəki şəhərində “Dövlət-din münasibətləri” mövzusunda müşavirə keçirilib. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı müşavirədən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Tədbiri Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov açaraq, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, dövlət tərəfindən din sahəsinə xüsusi diqqət göstərir və bu siyasət tolerantlığın tərkib hissəsi kimi həyata keçirilir. E.Usubov bu münasibətlərin formalaşmasında Qafqaz Müsəlmanları İdarəsinin və Dövlət Komitəsinin rolunu yüksək qiymətləndirib. Heç bir cəmiyyətin neqativ təsirlərdən sığortalanmadığını vurğulayan icra hakimiyyətinin başçısı bu gün cəmiyyətdə baş verən arzuolunmaz halların aradan qaldırılmasında, mənəviyyatın qorunmasında ictimaiyyətin, ziyalıların üzərinə böyük vəzifələrin düşdüyünü bildirib.
Müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək, bölgəyə səfərlərinin əsas məqsədinin Prezident İlham Əliyevin bütövlükdə milli mənəvi dəyərlərin qorunması, dövlət-din münasibətləri ilə əlaqədar qəbul etdiyi qərarlar, Azərbaycanda multikultural dəyərlər, onların təbliği və təşviqi sahəsində görülən işlər barədə ictimaiyyəti, dindarları məlumatlandırmaq, müzakirələr aparmaq olduğunu bildirib. Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli mənəvi dəyərlərə qayıdışı sürətlənib. O, bu sahədə Ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusi qeyd edib, hazırda dövlətimizin başçısının milli mənəvi dəyərlərimizin, dövlət-din münasibətlərinin inkişafı istiqamətində həyata keçirdiyi işlərdən danışıb.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə çıxışında Azərbaycanda olan mövcud dini durum barədə məlumat verib. Vurğulanıb ki, bu gün Azərbaycan müxtəlif dinlər arasında səmimi münasibətlərin hökm sürdüyü, yüksək tolerantlıq mühitinə malik bir ölkəyə çevrilib. Vətəndaşlar Prezident İlham Əliyevin yürütdüyü siyasətdən, dini dəyərlərə olan ehtiramdan çox razıdırlar. Son günlər Türkiyədə baş verən hadisələrə toxunan Şeyxülislam Azərbaycan xalqının həmişə türk xalqının yanında olduğunu vurğulayıb, hadisələr zamanı şəhid olanların xatirəsinə ehtiramını ifadə edib. Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, mufti Salman Musayev çıxış edərək, dindarlara tövsiyəsini bildirib. Tədbir iştirakçılarının sualları cavablandırılıb. Müşavirədən sonra şeyxülislam Allahşükür Paşazadə, Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və onları müşayiət edən şəxslər Şəki “Cümə” məscidində cümə namazında iştirak ediblər. Qardaş Türkiyədə dövlət çevrilişi cəhdinin qarşısının alınmasında canlarını qurban verən şəhidlər üçün qaibanə cənazə namazı qılınıb. 
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və onları müşayiət edən şəxslər günün ikinci yarısında Qax rayonunda olublar. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Qax şəhərinin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzülüb, dahi rəhbərin xatirəsi ehtiramla yad olunub. Qax Rayon İcra Hakimiyyətində keçirilən görüşdə icra hakimiyyətinin başçısı Musa Şəkiliyev Qaxda mövcud dini durum barədə məlumat verib. Sonra Qax Cümə məscidində dindarlarla görüş olub. Qafqaz Müsəlmanları İdarəsi tərəfindən məscidə maddi yardım göstərilib. Qax rayonuna səfərləri çərçivəsində Şeyxülislam Allahşükür Paşazadə və Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, həmçinin Qaxingiloy kəndində yerləşən “Müqəddəs Georgi” kilsəsində də olublar. Məlumat verilib ki, ibadətgahda dini ayinlərin icrası üçün hər cür şərait yaradılıb.Qafqaz Müsəlmanları İdarəsi tərəfindən kilsəyə də maddi yardım göstərilib. Kilsənin keşişi Petri Xomaraşvili göstərilən diqqətə görə gürcü icması üzvləri adından Azərbaycan dövlətinə minnətdarlığını bildirib.