Şriftin ölçüsü:

Saytın rəngi:

15.02.2013

Komitə sədri: “Əminik ki, dini icmalar siyasi oyunların iştirakçısına çevrilməyəcəklər”

Lənkəranda “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda iki günlük regional konfrans işinə başlayıb.

Regional konfransı giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, Lənkərandakı toplantının Azərbaycanın müxtəlif bölgələrində keçiriləcək analoji silsilə tədbirlərin ikincisi olduğunu diqqətə çatdırmışdır. Komitə sədri ölkəmizdəki dövlət-din münasibətlərindən ətraflı danışmış, bildirmişdir ki, müstəqillik əldə etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı prosesi sürətlənib. Dövlət Komitəsinin sədri bu istiqamətdə Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd etmiş və hazırda ölkə Prezidenti İlham Əliyevin milli-mənəvi dəyərlərimizin inkişafı üçün həyata keçirdiyi işlərdən danışmışdır: “Bu gün ölkəmizdə dinlərarası münasibətlər ən yüksək səviyyədədir. Hər kəsin dini etiqad azadlığı var. Lakin bununla yanaşı, Azərbaycançılıq məfkürəsinin tərkib hissəsi olan, milli-mənəvi dəyərlərimiz sahəsində maarifləndirmə işi prioritet məsələlərdəndir. Bununla yanaşı unutmamalıyıq ki, hazırda dünyada İslam dinini radikalizmə sürükləmə meyilləri artmaqdadır. Odur ki, dini maarifləndirmə işinə, daha diqqətli yanaşılmalıdır. Xarici təsirlərdən ölkə dindarlarını qorumaq ən çox din xadimlərinin üzərinə düşən məsuliyyətdir. Dövət Komitəsi olaraq bu iş üçün hər cür şərait yaradırıq. Dini icmalar isə əsrlərin süzgəcindən keçərək müasir dövrümüzədək qoruyub saxladığımız milli-mənəvi, dini adət-ənənələrimizi yaşatmalı və onu düzgün şəkildə insanlara çatdırmalıdırlar”
Komitə sədri son vaxtlarda dini icmalar və dindarları siysiləşdirmə meyillərindən də danışmışdır. Qeyd etmişdir ki, ölkəmizdəki sabitliyi pozmaq istəyində olan və xarici qüvvələrin təsiri altında hərəkət edən bir sıra siyasi qruplar öz məqsədlərinə çatmaq üçün dini icmaları və dindarları öz oyunlarına alət etməyə çalışırlar: “Ancaq inanırıq və əminik ki, dini icmalar bu cür siyasi oyunların iştirakçısına çevrilməyəcəklər. Dini icmaların mütləq əksəriyyətinin dövlətçilik mövqeyindən çıxış etməsi bunu deməyə əsas verir.”
E.İskəndərov çıxışının sonunda dövlətin din siyasətini həyata keçirən Komitənin əsas fəaliyyət istiqamələrindən birinin maarifləndirmə işi olduğunu önə çəkmişdir.