05.04.2018
Kaliforniyada yəhudi din xadiminin “Azərbaycan yəhudiləri” adlı kitabı nəşr olunub
Los Ancelesdə yaşayan yəhudi din xadimi Ravvin İsrail Barukun Azərbaycan yəhudilərinin tarixi, hazırki şəraiti, həmçinin Azərbaycan-İsrail münasibətlərindən bəhs edən kitabı nəşr olunub. “Azərbaycan yəhudiləri” adlı nəşrdə yəhudilərin Azərbaycanda məskunlaşma tarixi, əsrlərboyu ölkəmizdə tolerantlıq və multikulturalizm ənənələrinin mövcudluğu şəraitində digər xalqlarla dinc yanaşı yaşamaları, 1918-ci ildə müsəlman dünyasının ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından indiyədək Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatında önəmli rol oynadıqları vurğulanır.
Geniş faktlara əsaslanan kitabda müəllif Azərbaycan hökumətinin ölkəmizdə multikulturalizm və tolerantlıq ənənələrinin qorunub-saxlanılmasına yüksək önəm verdiyini və yəhudilərə xüsusi diqqət göstərdiyini, eyni zamanda Azərbaycanda dini və milli mənsubiyyətindən asılı olmayaraq hər kəsin sülh şəraitində birgə yaşadığını qeyd edir.
Nəşrdə, Quba ərazisində yerləşən və yəhudilərin sıx məskunlaşdığı Qırmızı Qəsəbə, Azərbaycan və İsrail arasında müxtəlif sahələrdə mövcud yüksək səviyyəli münasibətlər, həmçinin ölkəmizdə anadan olmuş tanınmış yəhudilər haqqında ətraflı məlumat verilir.
Bundan başqa, kitabda Azərbaycanın zəngin multikulturalizm və tolerantlıq ənənələri, iki ölkə arasında dostluq əlaqələri, həmçinin Xocalı soyqırımına dair “Time”, “The Jerusalem Post”, “The Algemeiner” və “The Times of Israeil” kimi ABŞ və İsrailin tanınmış mətbu orqanlarında dərc olunmuş məqalələr də əks olunub.
Qeyd edək ki, kitab artıq ABŞ-ın ən böyük kitab mağazaları şəbəkələrində satışa çıxarılıb.