05.10.2016
“Jewish Journal” nəşrində Roma Papasının Bakıya səfəri barədə məqalə dərc edilib
Amerikada çıxan “Jewish Journal” qəzetində Azərbaycanın Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayevin Roma Papasının Bakıya səfəri haqqında məqaləsi dərc edilib. Müəllif Azərbaycandakı Heydər məscidində müsəlmanların, katoliklərin, protestant və pravoslav xristianların Roma Papası ilə unikal görüşü barədə yazır.
Milix Yevdayevin qeyd etdiyi kimi, katolik kilsəsinin rəhbəri vurğulayıb ki, Azərbaycan çoxmədəniyyətli özünüifadə modelidir və bütün dünya bu məqama diqqət yetirməlidir. Müəllif yazır ki, Papanın səfəri Azərbaycanda növbəti qlobal multikultural tədbirdən – 5-ci Bakı Beynəlxalq Humanitar Forumundan dərhal sonra baş tutub. Bu forumda 80 ölkədən gəlmiş yüzlərlə lider müasir dövrün ən əhəmiyyətli məsələlərini, ölkələr, mədəniyyətlər və icmalar arasında qarşılıqlı münasibətlər qurulması problemlərini müzakirə ediblər.
Məqaləni təqdim edirik:
Dini tolerantlığa sevgi. Papa, Yəhudi və əksəriyyəti müsəlmanlardan ibarət olan ölkənin hekayəsi
Oktyabrın 2-si həqiqətən də mühüm əhəmiyyət kəsb edən bir gün oldu. Bakıda yeni inşa olunmuş məsciddə müsəlman, yəhudi, katolik, protestant, pravoslav xristianlar və digər dini liderlərlə çiyin-çiyinə dayanıb Papanın öz inancını dilə gətirərək iman və mənəvi yenilənmənin gənc bir ölkədə - mənim ölkəm Azərbaycanda mühüm yer aldığını vurğuladığı zaman Müqəddəs Ata Papa Fransiskin həqiqətən də yanında olmağıma inanmaq istəyirdim. Bu məqaləni yazarkən əlimi onun əlinə uzatdığım anda yaşadığım duyğuları, hissləri xatırlayır, heyrətlənirəm. Roma Papası əlimi sıxdı. O, bizim ölkəmizdəki vəziyyəti gücün və cəsarətin böyük bir anı kimi qiymətləndirdi. Onun dedikləri dünya üçün böyük əhəmiyyətə malik idi. Papa dualarına Azərbaycanın dünyada diqqət mərkəzində olan multikulturalizm modelini dilə gətirməsilə davam etdi. Həmin an mən təkcə yaşadığım cəmiyyət üçün yox, həm də ölkəmdə humanizm və harmoniyanın gücünə inanan insanlar ilə yaşadığım üçün böyük qürur hissi keçirdim. Daha öncə qeyd etdiyim kimi dini etiqad azadlığının tam təmin edilməsi ilə yanaşı, ölkəmizdə həm də müxtəlif etnik və dini qruplar təmsil olunur. Mən son məqaləmdə Azərbaycanda yaşayan milli azlıqların parlamentdə təmsil olunmaları barədə qeyd etmişdim. Azərbaycanda dinlərarası və mədəni azadlığın bu zəngin tarixi məqamları, onun müqəddəsliyi tarix yaddaşına çoxəsirlik təcrübə ilə qazınıb.
Prezident İlham Əliyevin Papaya dediyi kimi: “Siz Bakıdan dünyaya multikulturalizm, dinlərarası dialoq və xeyirxahlığın hər yerdə üstünlük təşkil etməsinin mümkünlüyü və vacibliyi barədə aydın bir mesaj verdiniz.”
Bu səfər 80 ölkədən yüzlərlə rəhbərin dövrümüzün aktual mövzularını müzakirə etmək, ölkələr, mədəniyyətlər və icmalar arasında körpü yaratmaq üçün bir araya gəldiyi V Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsindən sonra baş tutdu. Beləliklə ümid edirəm ki, yazdığım bu sözləri xoşbəxtliklə, ümidlə dolu qəlbimin səsini eşidən hər bir kəs duya biləcək. Mən və digərləri Roma Papasının çağırışlarını öz üzərimizə götürə bilərik. Biz bir yerdə daha çox iş görməyə qadirik. Bu ideyanı hər bir şəxs yaya bilər. Artıq biz İudaizmin müqəddəs bayramlarının keçiriləcəyi vaxta daxil olmuşuq. Hiss edirəm ki, yalnız mənim ölkəmdə deyil, bütün dünyadakı insanlar özünüdərkin meydana gəlməsi, qəbul olunması, o cümlədən harmoniya sevgisinə hazırdır.