Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
01.03.2017

“Jerusalem Post” nəşrində “Tolerantlıq yurdu Azərbaycan” adlı məqalə dərc edilib

İsrailin tanınmış və nüfuzlu “Jerusalem Post” nəşrində Amerika və İsrail ölkələri üzrə hüquq müdafiəçisi Nurit Qrinqerin “Tolerantlıq yurdu Azərbaycan” adlı məqaləsi dərc edilib. Məqalədə ölkəmizdəki tolerantlıq, dinlərarası münasibət və birgəyaşayış ənənələrindən bəhs edilib.
Müəllif Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı Baş konsulluğunun təşkilatçılığı ilə Los Anceles, Kaliforniya, Simon Vizental Mərkəzi və Tolerantlıq muzeyində keçirilən dinlərarası tolerantlığın təşviqinə həsr olunmuş tədbirlərdən söz açaraq yazır ki, tolerantlıq ənənələrinin təşviqinə həsr edilmiş tədbirdə üç səmavi dinin nümayəndələri - Yepiskop Xuan Karlos Mendez, Ravvin Yonah Bukstayn və Mahomed Əkbər Xan mükafatlandırılıblar. Müəllif üç dini təmsil edən nümayəndələrin məhz bu tədbirdə mükafatlandırılmasını Azərbaycan tolerantlığının növbəti qələbəsi kimi qeyd edir.  
Məqaləsində erməni hərbi birləşmələri tərəfindən xalqımızın  başına gətirilmiş dəhşətlərə də toxunan Nurit Qrinqer əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycanda üç səmavi dinə - İslam, İudaizm və Xristianlığa bərabər münasibət göstərildiyini və dini etiqad azadlığının ölkənin əsas təməlini təşkil etdiyini bildirib.
Nurit Qrinqer sonda ölkəmizdə səfərdə olmamasına baxmayaraq, eşitdiklərindən birgəyaşayış məkanı və tolerantlığın prototipi olan Azərbaycan xalqının etnik azlıqlara qarşı vicdanlı münasibətinə görə ən yüksək qiymətə layiq olduğunu bildirib.
Məqalənin tərcüməsini diqqətinizə çatdırırıq:
 
Tolerantlıq yurdu Azərbaycan
 
 
Mən Azərbaycanda olmamışam, lakin eşitdiklərimdən bilirəm ki, Azərbaycandan öyrəniləcək çox şey var . Əgər biz bir ölkəyə azlıqlara qarşı vicdanlı münasibətinə görə qiymət veririksə, o zaman Azərbaycan və onun vətəndaşı bu qiymətləndirmədə ən yüksək qiymətə layiqdir...  
Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı konsulluğunun təşkilatçılığı ilə Los Anceles, Kaliforniya, Simon Vayzental Mərkəzi, Tolerantlıq muzeyində dinlərarası tolerantlığın təşviqinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə tolerantlıq, dinlərarası münasibət və birgəyaşayış ənənələrindən bəhs edilib. Həmçinin  “Siz həmvətənlərinizi özünüz qədər  sevməlisiniz və qonşunuzu özünüz kimi sevin” ifadələri tədbirin əsas tezislərindən olub. Eyni zamanda iştirakçıların diqqətinə çatdırılıb ki, Azərbaycan birgəyaşayış məkanı  olaraq tolerantlığın prototipidir.
Tolerantlıq ənənələrinin təşviqinə həsr edilmiş tədbirdə üç səmavi dinin nümayəndələri - Yepiskop Xuan Karlos Mendez, Ravvin Yonah Buksteyn və Mahomed Əkbər Xan mükafatlandırılıblar. Bu, Azərbaycan tolerantlığının növbəti qələbəsidir, çünki üç dini təmsil edən iştirakçılar məhz bu tədbirdə mükafatlandırılıblar.  Mükafatçıların dediyi kimi: “hər kəs Allahın yazdığı ömür qədər yaşayır və bütün fəaliyyətimiz də bundan asılıdır. Zaman keçdikcə insanlar ya öz yolunu seçir, ya da əcdadlarının qoyduğu ənənələri davam etdirir”.
Azərbaycan özünə qarşı olan dözümsüzlüyü  yaxşı dərk edir. Belə ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri tərəfindən etnik zəmində dəhşətli  faciə törədilib və bu faciədə uşaqlar, qadınlar, kişilər amansızlıqla qətlə yetirilib. Bu, tarixdə törədilmiş ən dəhşətli faciələrdən biridir. Bu münasibətlə  tədbirdə Xocalı soyqırımına həsr edilmiş “Zülmətdən qaçış” sənədli filmi nümayiş etdirilib.
Erməni hərbi birləşmələri tərəfindən Azərbaycan xalqının  başına gətirilmiş bu dəhşətə baxmayaraq, əhalinin əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycan üç səmavi dinin - İslam, İudaizm və Xristianlığa bərabər münasibət göstərir və dini etiqad azadlığı ölkənin əsas təməlini təşkil edir. Əsrlər boyu bir çox insanlar təqib nəticəsində öz ərazilərindən qaçaraq  Azərbaycanda məskunlaşıb və bir sıra təzyiqlərdən xilas ola bilib.
Sonda bildirmək istəyirəm ki, mən Azərbaycanda olmamışam, lakin eşitdiklərimdən bilirəm ki, Azərbaycandan öyrəniləcək çox şey var . Əgər biz bir ölkəyə azlıqlara qarşı vicdanlı münasibətinə görə qiymət veririksə, o zaman Azərbaycan və onun vətəndaşı bu qiymətləndirmədə ən yüksək qiymətə layiqdir.
 
Tərcümə edən: Xarici əlaqələr şöbəsinin əməkdaşı  Səfər Səfərli