29.11.2017
İsveçin Dini İcmalara Dəstək üzrə Dövlət Agentliyinin sədri Qubada olub
Noyabrın 29-da İsveç Krallığının Dini İcmalara Dəstək üzrə Dövlət Agentliyinin sədri Ake Qoransonun rəhbərliyi ilə həmin ölkədə fəaliyyət göstərən dini icma üzvlərindən ibarət nümayəndə heyəti Quba rayonunda səfərdə olub.
Nümayəndə heyətini İsveçin Azərbaycandakı səfiri İnqrid Tersman, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdir müavini Rəfi Qurbanov, Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev və Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Tariyel İbrahimov müşayiət ediblər.
Qonaqlar dağ yəhudilərinin kompakt yaşadığı Quba rayonu Qırmızı qəsəbə ərazisində yerləşən “Giləki” və “Altı günbəz” sinaqoqları ilə tanış olublar. Onları Quba Rayon İcra Hakimiyyəti başçısının qəsəbə üzrə nümayəndəsi Pisax İsakov qarşılayıb və dağ yəhudilərinin Azərbaycanda yaşam tərzi, Azərbaycan dövlətinin və xalqının onlara tolerant münasibətini xüsusi vurğulayaraq qeyd edib ki, əsrlərlə burada yaşayan dağ yəhudiləri özlərini heç vaxt Azərbaycan xalqından kənarda, ayrı şəkildə hiss etməyiblər. Yəhudilər tarixin bütün dövrlərində Azərbaycan dövlətinin yanında olub və onun yeritdiyi siyasəti dəstəkləyiblər.
Daha sonra qonaqlar Quba şəhərində yerləşən Quba Soyqırımı Memorial Kompleksində olublar. Kompleksin direktoru Səidə Abasova nümayəndə heyətini qarşılayaraq memorial abidə haqqında geniş məlumat verib.