26.04.2016
İsveçdə Azərbaycanın tolerantlıq ənənələri yüksək dəyərləndirilir
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi nümayəndə heyəti “Beynəlxalq Həyat Sözü” Təşkilatının dəvəti ilə İsveç Krallığında səfərdə olub. Səfər çərçivəsində Stokholm və Uppsala şəhərlərində iki ölkə arasında din sahəsində əməkdaşlığın davam etdirilməsi və genişləndirilməsi ilə bağlı bir sıra görüşlər keçirilib.
Nümayəndə heyətinin üzvü, DQİDK-nın Ümumi şöbəsinin müdiri Amil Cavadov bildirdi ki, səfərin əsas məqsədi ölkəmizin tolerant və multikultural ənənələrinin təbliği, iki ölkə arasında mədəni sahədə münasibətlərin daha da inkişaf etdirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi perspektivlərinin müzakirəsi idi. Eyni zamanda səfər ölkəmiz haqqında həqiqətlərin daha dolğun çatdırılması baxımından da əhəmiyyət daşıyırdı.
İlk geniştərkibli görüş Stokholmda fəaliyyət göstərən Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunda olub. Görüşdə İsveç ictimaiyyətinin nüfuzlu nümayəndələri, ATƏT-in Parlament Assambleyasının sabiq prezidenti Qoran Lenmarker, Stokholm Türkiyə Araşdırmaları İnstitutunun rəhbəri Paul Levin, habelə, İsveçin Müdafiə Tədqiqatları Mərkəzi, İsveç İnkişafa Yardım Agentliyi, Malmö Universiteti və İsveç Beynəlxalq Liberal Mərkəzinin təmsilçiləri iştirak ediblər. Azərbaycan nümayəndə heyəti üçün ən xoş olan məqamlardan biri isə institutun direktoru, Azərbaycanın yaxın dostu, ölkəmizə böyük rəğbət bəsləyən Svante Kornelin Azərbaycan dilində danışması olub. O, Azərbaycana bağlılığını, xalqımıza xoş münasibətini və görüşdən məmnunluğunu bildirib.
Əsas müzakirə mövzusu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olub. Xalqımızın müstəqilliyin bərpası uğrunda apardığı mübarizədən, Azərbaycanın keçdiyi tarixi yoldan və bugünkü iqtisadi inkişafından danışan DQİDK sədri Mübariz Qurbanlı münaqişənin tarixi kökləri, Ermənistanın yürütdüyü etnik təmizləmə siyasəti, münaqişə nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasına dair məlumatları faktlarla görüş iştirakçılarının diqqətinə çatdırıb. Qeyd olunub ki, Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı öz ev-eşiyini itirib, Azərbaycana məxsus bütün mədəni, tarixi, dini abidələr ermənilər tərəfindən amansızcasına məhv edilib.
Mübariz Qurbanlı bildirib ki, artıq 28 ildir hərbi münaqişəyə cəlb edilməsinə baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti sayəsində ölkəmiz böyük iqtisadi və siyasi nailiyyətlərə imza atıb. Azərbaycan bu gün Qərbin enerji təhlükəsizliyində də mühüm rol oynayır. Diqqətə çatdırılıb ki, Azərbaycanda tarixən formalaşmış dini tolerantlıq və mədəniyyətlərarası dialoq dövlət başçısı İlham Əliyev tərəfindən dövlət siyasətinə çevrilib və bunun bariz nümunəsi olaraq 2016-cı il ölkəmizdə “Multikulturalizm ili” elan edilib.
Görüşdə Azərbaycanda həyata keçirilən din siyasəti ilə bağlı suallar cavablandırılıb, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımından, ölkəmizdəki dini tolerantlıqdan bəhs edən kitablar görüş iştirakçılarına təqdim edilib.
Nümayəndə heyəti Stokholmun məşhur Vasa Muzeyi ilə də tanış olub. Muzeydə XVII əsrin əvvəlində İsveç donanmasına aid hərbi yelkənli gəmi qorunub saxlanılır. İsveç Kral sülaləsinin şərəfinə “Vasa” adlanan həmin gəmi konstruktor xətası ucbatından elə ilk gündə batıb. 1961-ci ildə dənizdən çıxarılaraq restavrasiya olunub və 1990-cı ildən Kralın xatirəsinə tikilmiş muzeyə gətirilib.
Stokholmda XVIII əsrə aid qədim və gözəl binada yerləşən Nobel Muzeyi ilə tanışlıq da səfərin mühüm məqamlarından biri idi. Çünki burada Azərbaycanla, xüsusən də ölkəmizin neft sənayesi tarixi ilə bağlı maraqlı eksponatlar nümayiş olunur.
Səfər çərçivəsində Azərbaycanın bu ölkədəki səfirliyində diaspor təşkilatlarımızın rəhbərləri və nümayəndələri ilə də görüş keçirilib. Bu görüş təsdiq edib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq soydaşlarımız hər zaman xalqımızın taleyüklü məsələlərində, çətin günlərində həmrəylik və birlik nümayiş etdirməyi bacarırlar. Müzakirələr zamanı yekdil fikir bu olub ki, Azərbaycan yürütdüyü xoşməramlı dostluq və əməkdaşlıq siyasəti ilə bütün dövlətlərlə qarşılıqlı maraqlar çərçivəsində münasibətlər qurur. Bu işdə ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, diaspor fəaliyyətinin yüksək səviyyədə qurulması üçün xarici ölkələrdə yaşayan soydaşlarımızın da üzərinə böyük vəzifələr düşür. Səfir Adış Məmmədov ölkəmizdəki tolerant, multikultural mühitin və dövlətin din sahəsindəki siyasətinin təbliği baxımından bu cür səfərlərin mühüm əhəmiyyət daşıdığını bildirib. Mübariz Qurbanlı xarici ölkələrdə yaşayan azərbaycanlıların dövlətimizin başçısının daim diqqət mərkəzində olduğunu, xaricdəki soydaşlarımızın azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməsinin zəruriliyini diqqətə çatdırıb.
Amil Cavadov qeyd edib ki, Krallıq parlamentinin (Riksdaqın) Xristian Demokratlar Partiyasının deputatı Mikael Oskarsson və Xristian Demokratlar Partiyasının lideri Ebba Busç Thor ilə görüş də səfərin mühüm əhəmiyyət kəsb edən hissəsi idi. Görüşdə Mikael Oskarsson İsveç parlamentinin tarixindən danışaraq, üzvü olduğu Müdafiə məsələləri komitəsinin fəaliyyəti haqqında məlumat verib. Dövlət komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycandakı dini durum, ölkəmizin tolerantlıq ənənələri, milli-mənəvi və dini dəyərlərə verilən önəm, dini mənsubiyyətindən asılı olmayaraq, hər kəsin azad fəaliyyəti üçün dövlət tərəfindən bütün imkanların yaradılması, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi və bununla bağlı görülən işlərdən danışıb. Bildirilib ki, ölkəmizdə dinlərarası və xalqlararası dözümlülük, tolerantlıq və multikulturalizm ənənələri dərin köklərə malikdir. Azərbaycan hökuməti tərəfindən bu ənənələri daha da inkişaf etdirmək məqsədilə xüsusi proqram-layihələr həyata keçirilir. Lakin Ermənistanın işğalçılıq siyasəti təkcə Azərbaycanın deyil, bütövlükdə regionun inkişafına mənfi təsir göstərir, xalqlar arasında inamsızlığın dərinləşməsinə səbəb olur.
Səfər çərçivəsində Uppsala şəhərində də görüşlər keçirilib. Uppsala Skandinaviyanın ən qədim ali təhsil mərkəzlərindən biri olmaqla yanaşı, 1164-cü ildən İsveçin dini mərkəzi sayılır. Uppsalada “Beynəlxalq Həyat Sözü” Təşkilatının rəhbəri Kristian Akerhielm, habelə “Həyat Sözü” Kilsəsinin rəhbərliyi və icma üzvləri ilə görüşlərdə təşkilatın fəaliyyəti və Azərbaycanla əlaqələri haqqında geniş fikir mübadiləsi aparılıb. K.Akerhielm dəfələrlə ölkəmizdə olub, Dağlıq Qarabağ münaqişəsinin ilk illərində qaçqınlara təşkilat tərəfindən humanitar yardım göstərilib. O, Azərbaycan haqqında fikirlərini bölüşərkən ümummilli lider Heydər Əliyevlə görüşünü, respublikamızın sürətli inkişaf yolu keçdiyini, Prezident İlham Əliyevin uğurlu siyasət apardığını məmnuniyyətlə qeyd edib.
Mübariz Qurbanlı bu görüşdə də Azərbaycanın ənənəvi multikultural və tolerant dəyərlərə malik ölkə olduğunu, burada tarixən müxtəlif xalqlara və dinlərə mənsub insanların qarşılıqlı hörmət və əmin-amanlıq şəraitində birgə yaşadıqlarını bildirib. Azərbaycanın dünyəvi dövlət olmasına baxmayaraq, dini etiqadından asılı olmadan bütün vətəndaşlara dövlət tərəfindən diqqət və qayğı göstərilməsi, dini icmaların fəaliyyətinin yaxşılaşdırılması, dini maarifçilik işinin genişləndirilməsi üçün dövlət tərəfindən maliyyə yardımının ayrılması barədə məlumatlar maraqla dinlənilib.
Uppsala özünün qədim tarixi kurqanları ilə də məşhurdur. Səfər zamanı nümayəndə heyəti kurqanlara da baş çəkib. V-VI əsrlərə aid olan bu kurqanlar İsveçin qədim simvolları sayılır. Kompleksin əsas elementləri üç böyük kurqan - Kral kurqanlarıdır. Burada sveylərin İnqlinq sülaləsinin əfsanəvi başçıları Qoca Aun, oğlu Eqil və Eqilin nəvəsi Adils dəfn olunublar.
“Dövlətin simvolu” - İsveç arxiyepiskopunun iqamətgahı olan Kafedral kilsəni belə də adlandırırlar. Nümayəndə heyəti kilsəni ziyarətdən də böyük təəssüratlarla ayrılıb. Vikinqlər erasının sonu, XII-XIII əsrlərdə 1123-cü ildə Köhnə Uppsalada bütpərəst məbədinin yerində xristian kilsəsi tikilib. Kilsə mövcud olduğu dövrlərdə bir neçə dəfə yanıb, dəfələrlə restavrasiya olunub. Bu gün Uppsalanın mərkəzində yerləşən kilsə Skandinaviyanın ən böyük, Simali Avropanın isə ikinci ən hündür kilsəsidir.
Uppsaladakı növbəti görüş bu kilsənin sosial işlər üzrə mütəxəssisləri, qaçqınlar üzrə məsul şəxsləri Eva Mobek və Yane Blumla keçirilib. Görüşdən sonra Mübariz Qurbanlı kilsə ərazisindəki qaçqın düşərgəsinə gedərək Suriyadan olan qaçqın türkmənlərin yaşayış şəraiti ilə tanış olub. Sonra nümayəndə heyəti Uppsaladakı məscidi və müsəlman icmasını ziyarət edib.
Tarixən tolerant və multikultural dəyərlərə sahib olan Azərbaycanın dəyərlərinin təbliği və yayılması baxımından bu cür səfərlər çox böyük əhəmiyyətə malikdir.

Rəşad CƏFƏRLİ,
“Azərbaycan” qəzeti
“Azərbaycan” qəzeti