20.12.2017
İsmayıllıda “Zərərli vərdişlər, radikalizm və erkən nikah” mövzusunda tədbir keçirilib
Dekabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi, İsmayıllı Rayon İcra Hakimiyyəti (RİH), İsmayıllı Rayon Polis Şöbəsi, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbində “Zərərli vərdişlər, radikalizm və erkən nikah” mövzusunda tədbir keçirilib.
Tədbirdə İsmayıllı RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Nəsimi Teymurov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev, Rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru Rahim Orucov, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru Şahməmməd Soltanov, Bilik Fondunun yerli nümayəndəsi və İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbin direktoru Elçin Məmmədov, məktəbin müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxışlar zamanı dini radikalizm və onun fəsadları, onun cəmiyyətə vura biləcəyi zərbələrin acı nəticələri, habelə dini radikalizmə qarşı mübarizə metodları barədə tədbir iştirakçılarına ətraflı məlumat verilərək radikalizmin qarşısının alınmasında təhsilin önəmi xüsusi qeyd edilib. Milli-mənəvi dəyərlərimizin qorunmasında yeniyetmə və gənclərin üzərinə düşən mühüm vəzifələr barəsində fikir mübadiləsi aparılıb. Həmçinin zərərli vasitələrə qarşı mübarizədə gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyəsinin əhəmiyyətindən, sosial hadisə olan erkən nikahın ailə məsələlərində ciddi narahatlıq doğuran məqam olması tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Şəhadət" sənədli filmi nümayiş olunub.