31.10.2016
İsmayıllıda “Uşaq hüquqlarının müdafiəsi və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib
Oktyabrın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsi, İsmayıllı Rayon İcra Hakimiyyəti, Rayon Polis Şöbəsi və “Uşaq və Ailələrə Dəstək Mərkəzi”nin birgə təşkilatçılığı ilə İsmayıllı rayonu Təzəkənd kənd tam orta məktəbində “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaq hüquqlarının müdafiəsi və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Elxan Bədəlov uşaq hüquqlarının müdafiəsinin və uşaqların milli-mənəvi ruhda tərbiyə edilməsinin əhəmiyyətindən danışıb.
Daha sonra çıxış edənlər Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin müdiri Xətai Abbasov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev, Rayon Polis Şöbəsinin əməkdaşı və “Uşaq və Ailələrə Dəstək Mərkəzi”nin sosial pedaqoqu Gülnar Mikayılova dövlətin bu sahədə atdığı addımlardan, uşaqların sağlam şəkildə yetişdirilməsi üçün yaradılan şəraitdən söhbət açıblar. Qeyd olunub ki, dünyada müxtəlif zəmində baş verən münaqişələrdə uşaqlara qarşı zorakılıq hallarının müşahidə olunduğu bir vaxtda ölkəmizdə sabitlik hökm sürməkdədir. Məhz bu da uşaqların hüquqlarının tam şəkildə təmin olunmasına və onların firavan bir mühitdə yaşamasına şərait yaradır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.