İsmayıllıda “Milli-mənəvi həmrəylik – Zəfərə aparan yol” mövzusunda konfrans təşkil olunub
Oktyabrın 30-da İsmayıllı rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dağlıq Şirvan regional bölməsinin təşkilatçılığı ilə “Milli-mənəvi həmrəylik – Zəfərə aparan yol” mövzusunda konfrans keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca Dövlət Komitəsinin təşəbbüsü ilə hazırlanmış “Həmişə bizimləsiniz!” adlı videoçarx nümayiş olunub.
Konfransda çıxış edən Dövlət Komitəsinin Dini məsələlər üzrə şöbəsinin müdir müavini Samir Yoldaşov tədbirin məqsədinin milli-mənəvi həmrəyliyin möhkəmləndirilməsi, vətənpərvərlik ruhunun və sağlam dövlət-din münasibətlərinin təbliği olduğunu qeyd edib. O vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu milli həmrəylik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətin tolerantlıq və multikultural dəyərlərə əsaslanan siyasəti Azərbaycanın bu sahədə nümunəvi ölkə kimi tanınmasına səbəb olub.
Yeni Azərbaycan Partiyası İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradov milli həmrəyliyin müasir Azərbaycanın siyasi və ictimai həyatının əsas sütunlarından biri olduğunu, bu ideyanın dövlət ideologiyasının mühüm tərkib hissəsinə çevrildiyini vurğulayıb.
Dövlət Komitəsinin Dağlıq Şirvan regional bölməsinin müdiri Elnur Mehdiyev isə bildirib ki, milli-mənəvi həmrəylik xalqın birliyinin, mənəvi bütövlüyünün və milli təhlükəsizliyinin əsas təminatıdır. Onun sözlərinə görə, bölgədə keçirilən maarifləndirmə tədbirləri və təlimlər gənclərin düzgün dini-mənəvi tərbiyəsinə və milli dəyərlərin möhkəmlənməsinə xidmət edir.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müavini Nəsimi Teymurov 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının milli həmrəyliyinin və dövlət-xalq birliyinin rəmzi olduğunu qeyd edib. O, bu gün şəhid ailələrinin, qazilərin və gənclərin diqqət mərkəzində saxlanmasının mənəvi borc olduğunu vurğulayıb.
Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı bölgəsi üzrə qazısı Mərəhmət Mustafayev, İsmayıllı Rayon Ağsaqqallar Şurasının sədri Valeh Salehov, Həmkarlar İttifaqı Rayon Komitəsinin sədri Hafiz Kərimov, Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri çıxış edərək mənəvi dəyərlərin və vətənpərvərlik ruhunun qorunmasının əhəmiyyətini vurğulayıblar.
Konfransda şəhid ailələri, qazilər, dövlət qurumlarının nümayəndələri, təhsil müəssisələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri və din xadimləri iştirak ediblər.















